Erməni: `Bakıda qəbul edilməyimdən razıyam`
Xəbər verdiyimiz kimi, Kiyevin Borispol aeroportunda A.Xaçatryan İrəvana göndərməli imiş. Lakin gənc erməni təsadüfən Bakıya yola salınıb. Danışıqlardan sonra Xaçatryan bu gün səhər saatlarında sağ-salamat Kiyevə qayıdıb.
Virtualaz.org-un Kiyevdəki müxbiri Xaçatryanla görüşərək ondan Bakı səfərinə dair qısa açıqlama almağa nail olub. Xaçatryan deyib ki, Bakı aeroportunda onunla yaxşı davranıblar: “Məndən bir şeyə ehtiyacımın olub-olmadığını soruşdular, problemimlə maraqlandılar. Mənə orada insani münasibət göstərdilər”.
Xaçatryan deyib ki, o, özü aeroportdan uzaqlaşmaqdan imtina edib, öz istəyi ilə elə hava limanındaca gecələyib: “Bu, mənim həyatımda ən uzun gecə idi. Səhərə qədər yata bilmədim və Kiyevə uçacaq təyyarəni gözləməkdən yoruldum”.
Xaçatryan Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb-görüşməməsi ilə bağlı suala “yox” cavabı verib: “Məni təhlükəsiz zonaya apardılar. Məni heç kim dindirib sorğulamadı. Bakıda qəbul edilməyimdən razıyam”.