Elmar Vəliyev hesabat verdi
Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev yığıncaq iştirakçıları qarşısında çıxış edərək bildirib ki, 2013-cü ilin birinci yarısında şəhərin iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 118 milyon manatdan çox vəsait yönəldilmişdir. 2012-ci illə müqayisədə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı 1,9 dəfə artıb.
İnformasiya və rabitə xidmətlərinin həcmi 2013-cü ilin birinci yarısında 1 milyon 829 min manat təşkil etmişdir.
Şəhərdə əhalinin internet xidmətlərinə tələbatının artması və yaradılmış texniki imkanlar özəl provayderlərin montaj tutumunun 20 min 705 nömrəyə çatdırılmasına imkan verib.
2013-cü ilin 6 ayı ərzində şəhər üzrə 33 hüquqi və 745 fiziki şəxs qeydiyyata alınıb ki, bu iqtisadi aktivliyi səciyyələndirən mühüm göstəricilərdəndir.
E.Vəliyev daha sonra demişdir ki, cənab Prezident İlham Əliyevin “Hər bir şəhər, hər bir kəndə 24 saat su verilsin” tapşırığı bu gün Gəncə şəhərində də uğurla icra olunur. Yeni qəsəbələrdə subartezian quyuları qazılmış, eləcə də şəhərdə su təchizatının və kanalizasiya təsərrüfatının dayanıqlılığını təmin etmək məqsədilə magistral su kəmərində və şəhərdaxili su şəbəkəsində əsaslı surətdə təmir işləri aparılıb.
Məruzəçi deyib ki, təhsil müəssisələrinin maddi-texniki və tədris metodiki bazasının möhkəmləndirilməsi, onların müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması, mövcud tədris binalarının təmiri, yenisinin tikilməsi Gəncə Şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində olub.
2012-2013-cü tədris ilində 8 min 12 şagird yerlik 7 məktəb binası əsaslı təmir olunub. 10 tam orta məktəb, 2 peşə məktəbi, eləcə də 3 liseydə və 500 şagird yerlik sanatoriya tipli internat məktəbində əsaslı təmir işləri davam edir. Məruzəçi demişdir ki, ötən müddətdə səhiyyə ocaqlarında da yenidənqurma və təmir-tikinti işləri davam etmişdir.
Əhalinin asudə vaxtının və istirahətinin səmərəli təşkili ilə əlaqədar əsaslı şəkildə yenidən qurulan Fikrət Əmirov parkı istifadəyə verilmiş, A.Səhhət, C.Jabbarlı, M.Hadi və İstiqlal parkları ilə yanaşı, yeni salınan Əziz Əliyev və Məhsəti Gəncəvi adına parklarda təmir-tikinti işləri davam etdirilir.
Ümummilli lider Heydər Əliyevin adına nadir, möhtəşəm memarlıq abidəsi olan mərkəzin inşasında tikinti-quraşdırma işləri sürətlə aparılır və bu ilin sentyabr ayında istifadəyə veriləcək.
Gəncə Dövlət Filarmoniyasının, Nizami Gəncəvi Muzeyinin, Uşaq Yaradıcılıq və Məhsəti Gəncəvi adına Mərkəzlərin inşası sürətləndirilmişdir. Filarmoniya binası istisna olmaqla, qalan 3obyektin cari ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşların Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Gəncə şəhərində fəaliyyət göstərəcək "ASAN” Xidmət Mərkəzinin tikintisi sürətləndirilib.