Elmar Məmmədyarov fransalı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov fransalı həmkarı ilə görüşüb
  24 İyul 2013    Oxunub:1129
Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə fransalı həmkarı Loran Fabiusla görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, görüşdə nazirlər ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyindən məmnunluqlarını bildiriblər.

İqtisadi əlaqələrə gəldikdə, Loran Fabius Fransanın bir sıra iri şirkətlərinin Azərbaycanda yalnız neft sahəsində deyil, eləcə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini qeyd etmiş və bu əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid ifadə edib. Fransalı nazir Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına verdiyi töfhəni xüsusi qeyd etmiş və Bakıda fransız liseyinin yaradılmasına göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Görüşdə, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib. Nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan münaqişəsi, danışıqlar prosesi barədə məlumat vermiş və münaqişəsinin həllinin bütövlükdə regionda sülhün və sabitliyin bərqərar olması üçün zəruri olduğunu qeyd edib.

Enerji təhlükəsizliyi məsələləri də müzakirə mövzularından olub. Bu xüsusda nazir Elmar Məmmədyarov həmkarına regionda cari və perspektiv enerji layihələri barədə məlumat verib.

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər, xüsusilə də Cənubi Qafqaz regionunda və Avropada təhlükəsizlik məsələləri, Azərbaycan-Avropa İttifaqı münasibətləri, beynəlxalq terrorizmə qarşı mübarizə və s. barədə fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti