İlham Əliyev: `ASAN-ın təcrübəsini başqa sahələrdə də tətbiq edəcəyik`

İlham Əliyev: `ASAN-ın təcrübəsini başqa sahələrdə də tətbiq edəcəyik`
  19 İyul 2013    Oxunub:1179
`Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gözəl səmərəsini verir. Bunu həm ölkə əhalisi hiss edir, eyni zamanda, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bu yaxınlarda beynəlxalq təşkilatlar tərəfindən aparılan sorğu da onu göstərir ki, Azərbaycan əhalisi korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı atılan addımları alqışlayır`. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda deyib.

- Əhalinin təxminən 70 faizi hesab edir ki, Azərbaycanda bu istiqamətdə çox ciddi və səmərəli mübarizə aparılır. Deyə bilərəm ki, dünya miqyasında bu göstərici təxminən 20 faiz səviyyəsindədir. Azərbaycanda isə 70 faiz səviyyəsindədir. Yəni, budur göstərici və budur gördüyümüz işlərin əsas nəticəsi. Ona görə mən çox şadam ki, bu mübarizə öz səmərəsini verməkdədir,- deyə prezident bildirib.

Dövlət başçısı bildirib ki, biz daha da fəal olmalıyıq. Korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. Cəza tədbirləri tətbiq olunur və tətbiq olunacaq. Eyni zamanda inzibati tədbirlər və sistem xarakterli addımlar atılır və atılacaq. Onların içində elektron hökumət, elektron xidmətlər xüsusi yer tutur: “Asan xidmət”in fəaliyyətini mən xüsusi vurğulamaq istəyirəm. Qısa müddət ərzində əhali arasında böyük rəğbət qazanan bu xidmət öz fəaliyyətini genişləndirir. Mənim göstərişimlə orada göstərilən xidmətlərin sayı da artır. Gələcəkdə biz baxmalıyıq ki, orada qısa müddət ərzində toplanan təcrübəni biz başqa sahələrdə də necə tətbiq edə bilək. Biz bunu edəcəyik, bu bizim seçdiyimiz yoldur”.

Prezident həmçinin vurğulayıb ki, dövlət məmurlarının məsuliyyəti də bu məsələdə öz rolunu oynayır, oynamalıdır: “Hər bir dövlət məmuru korrupsiyaya qarşı çox ciddi mübarizə aparmalıdır. Hər idarə rəhbəri bu prinsipləri əsas tutmalıdır. Çünki Azərbaycanın sürətli inkişafı reallıqdır. Gələcəyimiz çox parlaqdır. Azərbaycan bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin sırasına daxil ediləcək, mütləq bu, olacaq. Ona görə də biz bütün xoşagəlməz halları aradan götürməliyik və elə etməliyik ki, bu göstəriciyə görə də Azərbaycan dünyada qabaqcıl yerlərdə olsun”.


Teqlər:





Xəbər lenti