İlham Əliyev: `Biz böyük imkanlara malikik`
- İlin altı ayı çox müsbət keçib. Bu altı ayda Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub. Bu göstəricilər deməyə əsas verir ki, bu müsbət dinamika ilin sonuna qədər də qorunacaqdır. Ən əsas iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Hesab edirəm ki, Azərbaycanda iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər. Ümumi daxili məhsul 5 faiz artıb və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artıb. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir,- deyə prezident bildirib.
Dövlət başçısı hesab etdiyini bildirib ki, biz növbəti 10 il ərzində qeyri-neft sektorumuzu 2 dəfə artırmaq barədə qarşımıza qoyduğumuz məqsədə çatacağıq: “Ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir və hesab edirəm ki, növbəti illərdə bu inkişaf özünü daha da qabarıq şəkildə göstərəcək. Çünki bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorumuzun yaranmasına gətirib çıxaracaq”.
Prezidentin sözlərinə görə, kənd təsərrüfatının təxminən 5 faiz böyüməsi yaxşı artımdır: “Hesab edirəm ki, növbəti illərdə bu artım daha da güclü olmalıdır. Bunu etmək üçün indi əlavə tədbirlər görülür. İnvestisiya qoyuluşu bizi sevindirir. İlin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulub. Bunun böyük hissəsi daxili sərmayədir, təqribən 7 milyard. Beş milyard isə xarici sərmayələrdir. Bu da çox vacib məsələdir. Çünki uzun illərdir Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır, bax, altı ayda qoyulan bu 5 milyard xarici sərmayə bunu bir daha təsdiqləyir”.
- Hər bir ölkə maraqlıdır ki, o ölkəyə sərmayə qoyulsun, o cümlədən Azərbaycan. Baxmayaraq ki, artıq Azərbaycan da öz növbəsində başqa ölkələrin iqtisadiyyatına sərmayələr qoymağa başlayıb və bu da müasir Azərbaycanın üstünlükləridir. Xüsusilə son bir neçə il ərzində dünyanı, xüsusilə Avropanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində xarici iqtisadiyyatlara qoyulan vəsait onu göstərir ki, biz doğrudan da, böyük imkanlara malikik. Biz özümüzü çox rahat hiss edirik. Əlbəttə ki, bizim iqtisadi imkanlarımız və siyasi addımlarımız bir-biri ilə bağlıdır və biz gələcəkdə xarici bazarlara nə qədər çox investisiya qoysaq, bölgədə və dünyada siyasi çəkimiz də o qədər artacaq. Bu, təbiidir və biz bu yolla gedirik. Deyə bilərəm ki, dünyanın ancaq inkişaf etmiş ölkələri başqa ölkələrin iqtisadiyyatlarına böyük həcmdə sərmayə qoyurlar. Azərbaycan inkişafda olan bir ölkədir. Vaxt gələcək biz də inkişaf etmiş ölkələrin bütün meyarlarına cavab verəcəyik,- deyə dövlət başçısı vurğulayıb.
Prezident deyib ki, bizim valyuta ehtiyatlarımız 48 milyard dollardan çoxdur: “Bu da çox gözəl göstəricidir. Çünki həm bizə güc, rahatlıq verir, eyni zamanda, -baxmayaraq ki, Azərbaycanda çox böyük investisiya layihələri icra edilir, - biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artırırıq. Şadam ki, bu ilin altı ayında valyuta ehtiyatlarımız azalmır, yerində də durmur, artır və əgər belə getsə, ilin sonuna qədər daha da artacaq. Bu göstəriciyə görə də, - həm mütləq rəqəmləri, həm adambaşına düşən valyuta ehtiyatlarının həcmini götürsək, - Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da son illər ərzində əldə edilmiş uğurların bir hissəsidir”.
- Biz öz yolumuzla gedirik. İqtisadi və sosial inkişaf məsələlərini bir paketdə həll edirik. Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Əgər belə olmasaydı, əhalinin gəlirləri artmazdı. Əsaslı iqtisadi islahatlar bir sıra hallarda insanlara çox baha başa gəlir. İnsanlar əziyyət çəkirlər. Biz indi müxtəlif yerlərdə iqtisadiyyatı dirçəltmək, iqtisadi böhrandan çıxmaq üçün daha çox əhali hesabına atılan addımları görürük. İş yerləri ixtisar edilir, maaşlar kəsilir, iş günü uzadılır, pensiya həddi uzadılır. Yəni, bəzi hökumətlər öz iqtisadi vəziyyətini insanların hesabına sağlamlaşdırmaq istəyirlər. Bizdə isə iqtisadi islahatlar köklü xarakter daşıyırdı. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm qoymuşduq. Bu islahatlar güclü sosial siyasətlə də tamamlanır, dəstəklənir. Belə olan halda təsadüfi deyil ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artıb,- deyə prezident vurğulayıb.
İlham Əliyev xarici siyasətlə bağlı addımların da uğurlu olduğunu deyib. “Bu gün də demək istəyirəm ki, biz hələ çox işləməliyik. Hər bir müsəlman ölkəsi çox işləməlidir ki, biz bu birliyi gücləndirək. Dünyada gedən bəzi proseslər, qütbləşmə, ayrı-seçkilik meylləri bizi narahat edir. Azərbaycan öz tərəfindən çalışır və çalışacaq ki, mədəniyyətlərarası münasibətlər sağlam zəmində öz həllini tapsın. Biz çalışırıq, öz təcrübəmizi, öz nailiyyətlərimizi ortaya qoyuruq və göstəririk ki, bu mümkündür”.
Teqlər: