I sinfə qəbul qaydaları dəyişdi

I sinfə qəbul qaydaları dəyişdi
  18 İyul 2013    Oxunub:1552
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən məktəbə qəbul 6 yaşdan başlanır.
Eyni zamanda, dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqlar valideynlərin arzusu ilə Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada vaxtından əvvəl məktəbə qəbul oluna bilərlər.

AzVision.az xəbər verir ki, bununla əlaqədar, Təhsil Nazirliyi tərəfindən yeni Qaydalar təsdiq edilib. Bu qaydalara əsasən, vaxtından əvvəl I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil ediləcək.

İstedadlı uşaqların seçim hüququ yerli təhsil şöbələrinə verilmiş və bu məqsədlə yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən - ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlərdən ibarət komissiyaların yaradılması tapşırılmışdır. Komissiyaya yerli təhsil şöbələrinin müdirləri rəhbərlik edəcəklər.

Ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq qrupunda məşğul olmuş xüsusi istedadlı uşaqlar müəssisə rəhbərinin təqdimatı əsasında həmin müəssisənin I sinfinə müsahibəsiz qəbul olunacaqlar.

Qaydalarda uşaqla tədris alacağı dildə 15-20 dəqiqə ərzində müsahibə aparılması, zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün onlara 4 sual verilməsi, hər bir suala cavabın 5 ballıq şkala ilə qiymətləndirilməsi nəzərdə tutulur. Məktəbə qəbul olunmaq üçün uşaq ən azı 15 bal toplamalıdır. Valideynlərin arzusu ilə müsahibə zamanı videoçəkilişin aparılmasına da icazə verilir.

Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə ərizələr hər il iyulun 20-dən avqustun 20-dək yerli təhsil şöbələrində qeydiyyata alınacaq və onların seçimi sentyabrın 10-dək təhsil şöbəsinin müəyyən etdiyi günlərdə həyata keçiriləcək.

Təhsil Nazirliyinin tabeliyindəki istedadlı şagirdlər üçün məktəb, gimnaziya və liseylərdə xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu həmin müəssisələr tərəfindən, Naxçıvan Muxtar Respublikasında isə Muxtar Respublikanın Təhsil Nazirliyi tərəfindən aparılacaq.


Teqlər:  





Xəbər lenti