Prokurorluq avtobusdakı qətllə bağlı məlumat yaydı

Prokurorluq avtobusdakı qətllə bağlı məlumat yaydı
  17 İyul 2013    Oxunub:1135
Baş Prokurorluq bu gün 6 nömrəli marşrut avtobusunda baş verən qətllə bağlı məlumat yayıb.
Baş Prokurorluq Bakının Nəsimi rayununda baş verən ölüm faktı ilə bağlı rəsmi məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, iyulun 17-də saat 13:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində, Bakıxanov küçəsi 7 saylı binanın qarşısında, «Transqeyt» MMC-yə məxsus, 6 saylı marşrut xətti üzrə hərəkətdə olan «Daevoo» markalı, 10-TF-873 dövlət qeydiyyat nişanlı avtobusun salonunda, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Anar Xəlilov tərəfindən polietilen torbaya bükülmüş lüləsi kustar üsulla kəsilmiş qoşalülə ov silahından açılmış atəş nəticəsində paytaxt sakini, 1975-ci il təvəllüdlü Vəfadar Məmmədov aldığı xəsarətdən ölüb.

Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və meyitə baxış keçirilib, cinayətin törədilməsində istifadə olunmuş odlu silah maddi sübut kimi götürülmüş və digər təxirasalınmaz hərəkətlər aparılıb.

A.Xəlilovun idarə etdiyi «Toyota Corolla» markalı, 90-HS-359 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən onun yük hissəsində 1 ədəd «Vinçester» markalı ov silahı, lüləsi kəsilmiş 12 çaplı yivsiz qoşalülə ov silahı, 20 çaplı 20 ədəd patron, 12 çaplı 2 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

Fakt üzrə Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələri əldə etmə, saxlama, gəzdirmə), 229.1 (qanunsuz olaraq silah hazırlama) və 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanmış, hadisənin şahidləri müəyyən edilərək dindirilmiş, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib.

A.Xəlilov cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub. İlkin məlumata əsasən A.Xəlilov əvvəllər ruhi əsəb xəstəxanasında müalicə olunmaqla orada qeydiyyatdadır.

Hazırda iş üzrə istintaq Bakı şəhər prokurorluğunun istintaq idarəsində davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti