Əgər müəllim 10 ildən çox eyni məktəbdə işləyirsə...

Əgər müəllim 10 ildən çox eyni məktəbdə işləyirsə...
  16 İyul 2013    Oxunub:2194
“Saxta təhsil sənədləri ilə işləyən müəllimlərin aşkar olunması istiqamətində Təhsil Nazirliyi mütəmadi olaraq tədbirlər həyata keçirir”.
Azvision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Strateji Təhlil, Planlaşdırma və Kadrların İdarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib. O qeyd edib ki, ötən il ümumi ölkə üzrə aparılan monitorinqin nəticələri ictimaiyyətə elan olunub. Həmçinin, aşkar olunan saxta təhsil sənədləri barədə məlumatlar Baş Prokurorluğa təqdim edilib.
“Onların bəziləri ilə bağlı müəyyən istintaq işləri başa çatıb, digərləri üzrə aparılır. Ancaq hər zaman Təhsil Nazirliyində müəllimlərin işə qəbul prosesində bütün təhsil sənədlərininin həqiqiliyini yoxlayırıq. Sənədlərin saxta olduğunu aşkar etdikdə digər tədbirlər görülür. Qarşıda bizi daha ciddi mərhələ gözləyir. Belə ki, işə qəbul olunacaq 3000-dək müəllimin də təhsil sənədini yoxlamaq qərarına gəlmişik. Həmin yoxlamanın nəticələrinə uyğun olaraq məlumat verə bilərik ki, nə qədər təhsil sənədi saxtadır”.

F.Qədirov müəllimlərin müsabiqədən kənar qəbul edilməsi məsələsinə də aydınlıq gətirib: “Qaydalarda nəzərdə tutulur ki, əgər müəllim 10 ildən çox məktəbdə işləyib və işləməkdə davam edirsə, onun yerdəyişməsi barədə müvafiq təlimati sənədlər var, o yerini başqa məktəbə dəyişə bilər. Və yaxud 10 il işləyib, ancaq sonradan hər hansı səbəbdən işdən çıxıb və hazırda işləmir. Biz onlara şans veririk və onlar bu müsabiqə vasitəsilə də işə qəbul oluna bilərlər. Ancaq müsabiqədə iştirak etməsələr də, müəyyən vakansiya yarandıqda onlar Təhsil Nazirliyinə müraciət edirlər. Təhsil Nazirliyi onların sənədlərini araşdırır, onlarla çox ciddi müsahibə edir. Vakant yerə uyğun olduqda, əlbəttə, onları həmin vakant yerlərə göndərmək mümkündür”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti