Aqşin: “Mən dindarlardan daha çox orucam”

Aqşin: “Mən dindarlardan daha çox orucam”
  16 İyul 2013    Oxunub:1241
“Avropadan sğınacaq almaq üçün heç bir dindarın hədəsinə, əlindəki bıçağa ehtiyacım yoxdur”
Şair-yazar Aqşin Yeniseyin Publika.Az portalında dərc olunan “Şeytanın qapı qonşusu” köşə yazısı cəmiyyətdə və sosial şəbəkələrdə rezonansa səbəb olub. Oxucular, xüsusilə də dini sayt və dindar kəsim ona qarşı kəskin mövqe tutub. Köşə yazısının yazılmasından bir neçə gün keçməsinə baxmayaraq, sosial şəbəkələrdə və şəxsən yazarın öz ünvanına yazılan hədə-qorxular səngimək bilmir. O ölümlə, hətta başının kəsilməsiylə də hədələnir. Həmçinin, yazara qarşı irəli sürülər fikirlər arasında yazının yazılma məqsədi kimi onun Avropa ölkələrinin birində sığınacaq almaq “istəyi” də durur. Demək olar ki, bu, artıq oxucu fikrindən, qəzəbindən çox irəliyə gedib və yazarın həyatı da təhlükə altındadır. Bəs Aqşin Yenisey bundan narahat olmurmu və bu barədə təhlükəsizlik orqanlarına müraciət etmək fikrində deyilmi?

O, AzVision.az-a açıqlamasında:

“Mənə qarşı edilən bütün hədələrin yazılı şəkildə materiallarını toplayıb saxlamışam. Məsələ bu şəkildə davam edərsə, həmin materialları hüquq-mühafizə orqanlarına təqdim edəcəyəm. Bu, elə böyük bir problem deyil. Sadəcə mən düşünürəm ki, bu adamlar gec-tez başa düşəcəklər ki, mən onların inanclarını, şərəf və ləyaqətini yox, onlar mənim dünyagörüşümü, düşüncələrimi təhqir edirlər, şər-böhtan atırlar. Mənim yazımda bir dənə də olsun təhqiramiz ifadə yoxdur.

Onlar hər seçki ilində olduğu kimi, indi də siyasi islama maraq cəlb etmək, bunu nümayiş etdirmək istəyirlər. Mən olmasam da, kimisə və ya nəyisə hədəf seçəcəkdilər. Məsələn, 2 il bundan qabaq məktəblilərin hicab məsələsi ilə bağlı ayağa qalxmışdılar, hər dəfə digər belə məsələlər... Bu seçki ərəfəsində də mənim bu yazım. Mən dəfələrlə qat-qat ondan artıq sərt yazılar yazmışam. Bəlkə də, orda yüngülvari təhqiramiz münasibət olub, mən bunu danmıram. Amma heç o yazıları nə oxuyan oldu, nə səs-sorağa salan oldu. İndi sıradan bir yazını təhqir kimi qəbul edirlər. Özü də İslam ümmətinə olan təhqir kimi. Halbuki, orda nə İslamdan, nə də İslam ümmətindən söhbət gedir. Heç İbrahim peyğəmbərin yaşadığı dövrdə, bəlkə də, ərəb xalqının varlığı haqqında söz-söhbət yox idi.

İkincisi, onlar əgər rəvayəti təhqir hesab edirlərsə, vallah problem onların öz qafalarındadır. Rəvayət heç bir tarixi real istinad nöqtəsi olmayan, dildən-dilə keçən əhvalatdır. Yəni kimlərinsə uydurmasıdır. Əgər bu, təhqridirsə, onda bu rəvayəti indiyə kimi qoruyub-saxlayan xalqın günahıdır. Ona qalsa, bütün dini kitablar rəvayətlərdən, uydurma əhvalatdalardan ibarətdir. Onda onlar həqiqətən də inanırlar ki, Musa peyğəmbər İsrail xalqını fironun zülmündən xilas etmək üçün dənizi iki yerə ayırıb. Halbuki, o rəvayətlər həmin dövr insanlarının dünyagörüşünə uyğun olaraq mənəvi narahatlıqlarını sakitləşdirməkdən, ilahi bağlılığın itməməsindən ötrü uydurulmuş şeydir”.

Yazar onun Avropa ölkələrinin birində sığınacaq almaq məqsədinin olması barədə səsləndirilən fikirlərə də münasibətini bildirib:

“Deyirlər, guya Avropadan sığınacaq almaq üçün yazmışam bu yazını. Elə mənə indiyə qədər deyilənlər bəs idi ki, onları yazılı şəkildə hər hansı səfirliyə təhvil verib həyatımın təhlükədə olduğunu əsas gətiərək istənilən Avropa ölkəsində sığınacaq alım. Mən “Qafqazinfo”ya yazdığım müddətdə təhqirdən tutmuş hədə-qorxuya kimi yüzlələrlə məktublar yazırdılar, bu dəqiqə də arxivdən dindarların o rəylərini tapmaq olar. Elə getsəm, onda gedərdim də.

Mənim indi 35 yaşım var. Mən indən belə gedib Avropada gedib ancaq qarnımı doydura bilərəm. Mən heç vaxt qarnımın qeydinə qalan adam olmamışam. Mən onlardan daha çox orucam. Nəinki onlar kimi ildə bir dəfə oruc tutub adamın başına qaxırlar. Mənim elə bir məqsədim olsa, heç bir dindarın hədəsinə, əlindəki bıçağa ehtiyacım yoxdur. İstəsəm, Avropada yaşamaq hüququ əldə edə bilərəm. Ancaq mənim yaşaya biləcəyim bir yer var - vətənim Azərbaycan, o da dindarlar imkan versə...”

Sevinc Fədai



Teqlər:  





Xəbər lenti