Almaniya niyə kürdlərə dəstək verir? Gizli səbəblər – TƏHLİL

Almaniya niyə kürdlərə dəstək verir? Gizli səbəblər – TƏHLİL
  18 Dekabr 2015    Oxunub:5178
II Dünya Müharibəsindən sonra Almaniya ilk dəfə 1999-cı ildə savaşa qatıldı - NATO üzvü olaraq, alyans ölkələrilə birgə Yuqoslaviyaya müdaxilədə iştirak etdi. 1945-ci ildən düz 1999-cu ilə qədər böyük bir fasilədən sonra Almaniya qırıcıları (“Torrnado”) səmaya qalxdı. İndi də 1999-cu ildən bu yana olan fasilədən sonra 2015-ci ildə ilk dəfə Almaniya Şimali İraqda kürdlərin qorunması üçün qırıcılarını bölgəyə göndərdi.

2001-ci ilin Əfqanıstan, 2003-cü ilin İraq savaşlarında Almaniyanın hərbi təyyarələri simvolik dəstək şəkilində iştirak etsə də, heç bir aktiv hava əməliyyatına qatılmayıb.

Almaniya 1999-cu ildə Kosovo kampaniyasında iştirak edərkən bəzi alman siyasi partiyaları bunun qanuni olmadığını, Almaniya torpaqlarına qarşı təcavüzün baş vermədiyini diqqətə çatdırıraraq, həmin addımın atılmasını yanlış sayırdılar. Təəccüb doğuran odur ki, indi Almaniya sərbəst və tək qərar verərək, Şimali İraqda kürd rejiminin, Peşmərgənin qorunması üçün bölgəyə döyüş təyyarələri göndərir.

Əvvəlcə Almaniya kürdlərin müdafiəsi üçün göndərəcəyi qırıcıları ya Türkiyə, ya da İordaniyada yerləşdirəcəyini elan etdi. Bununla paralel 1200 alman əsgərinin də Suriyaya göndəriləcəyini açıqladı.

Almaniyanın tarixi Kürdüstan istəkləri

Almaniyanın kürd siyasətini dərindən anlamaq üçün öncədən yazılmış böyük strateji hədəflərin detallarına varmaq lazımdır. Təxminən XIX-XX əsrlərdə “İpək Yolu” üzərindəki məntəqələrdən biri olan Kürdüstan Almaniya üçün çox önəmli sayılırdı. Almaniyanın “müsəlman strateqi” Maks fon Oppenhaym 1899-1918-ci illərdə bir neçə dəfə Kürdüstan səfərlər edib. Təbii ki, bu səfərlər Kayzer Almaniyasının böyük istəklərindən xəbər verirdi. Həmin ərəfədə kürdlərin almanlara çox güvənmədiyi, elə bu səbəbdən də almanların Osmanlıdan istifadə edərək, kürdləri nəzarət altında tutmağa çalışdığı tarixi sənədlərdə yazılmaqdadır. Ümumiyyətcə, Maks fon Oppenhaym Kürdüstanı, kürdləri dərindən tədqiq edib, son dərəcə əhəmiyyətli dosyeləri Berlinə göndərirdi. Almaniyanın hazırkı kürd siyasətinin təməlini yazanlardan biri məhz Maks fon Oppenhaymdır.

Fon Oppenhaym hər vəclə Rusiyanın Kürdüstandakı təsirini əngəlləmək üçün bölgədə ciddi şəkildə təbliğat işləri aparırdı. O, Dəclə-Fərat çaylarının hövzəsindəki təbii sərvətləri kəşf edərək, Almaniyanın dəmir yollarının məhz buradan keçməsinə dair xüsusi dosyelər hazırlayırdı. Beləcə, Almaniyanın Kürdüstanla bağlı tarixi istəklərinin nədən qaynaqlandığı görmək olar.



Dəyişməyən “Kürdüstan Geosiyasəti”

Xristian Demokratlar Birliyi Partiyasının sözçüsü Otto Henninq bildirib ki, Almaniya təkcə Peşmərgəni silahlandırmaqla kifayətlənməyəcək, eyni zamanda, havadan onlara dəstək verəcək. Kürd-İraq idarəçiliyinə təlim keçməkdən ötrü Almaniya ora kifayət qədər hərbi mütəxəssis göndərib, ancaq bombardmançıların göndəriləməsi böyük istəklərindən xəbər verir.

Son illərdə İŞİD terror təşkilatı ilə bağlı Almaniyanın xarici siyasətində İraq və Suriyanın xüsusi yeri var. Merkel 2014-cü ildə İraqın Kürd bölgəsinə hərbi yarıdımın ediləcəyini demişdi. Bu məqam Almaniyanın Yaxın Şərq siyasətində xüsusi bir xətt seçdiyini göstərir.

Əslində bu qərar Almaniyanınn II Dünya Müharibəsindən bu yana ilk dəfə olaraq hansısa bir bölgəyə silah yardımı göstərməsidir. 83 milyon avro civarında edilən yardıma iri, kiçik çaplı silahlar, eləcə də partladıcı vasitələr daxil idi. Almaniyanın müdafiə naziri Ursula fon der Leyenin 2014 və 2015-ci illər ərzində 2 dəfə Ərbil şəhərinə səfər etməsi, Bərzani ilə görüşməsi reallıqda rəsmi Berlinin bölgəyə necə diqqət ayırdığını göstərir.

Almaniya Suriyadan zamanında kifayət qədər faydalanıb. Hələ, 2011-ci ildən etibarən Berlin AB çərçivəsində öz adından Suriyaya qarşı neft embarqosu qoyulmasını qərara aldı. Embarqoya qədər Almaniya və İtaliya Suriyadan ehtiyac duyduğu enerjidaşıyıcılarının 2/3-ni ala bilirdi. 1998-2011-ci illər müddətində Almaniyanın Əsəd rejiminə təqribən 360 ton civarında kimyəvi maddə satdığı da bilinməkdədir ki, bunun da silah istehsalında işlədildiyi güman edilir.

Bundestaqın üzvü Jan Van Aken bildirib ki, 2002-2006-cı illərdə Almaniya Suriyaya 111 ton müxtəlif səpkili kimyəvi məhsullar satıb. Məhz Suriya münaqişəsinin əvvəlində Əsədin müxaliflərə qarşı kimyəvi silahlardan istifadə etməsi Almaniyanı narahat etmişdi, çünki kimyəvi maddənin kimdən alınması yavaş-yavaş üzə çıxırdı. Almaniya bir növ 2013-cü ildə “G-20” ölkələrinin Peterburq zirvə görüşündə özünü ifşa etdi. Həmin görüşdə ABŞ, Britaniya, Fransa, İtaliya və İspaniya Suriyanın kimyəvi silahdan istifadəsini qınadıqları halda Almaniya susaraq, heç bir reaksiya bildirmədi.

Bu illər ərzində ilk dəfə Almaniya üçün kürd məsələsi Kobaninin İŞİD tərəfindən zəbt olunmasından sonra təkrar gündəmə gəldi. Hətta “Yaşıllar” partiyası təcili olaraq Kobaniyə alman qoşunlarının çıxarılmasını tələb edirdi.

Bütün bunlarla yanaşı, Şimali İraqdakı Kürd muxtariyyatına rəsmi Berlinin xüsusi qayğısı müşahidə olunmaqdadır. Bölgədə hərbi təlim mərkəzlərinin inşasını da Almaniyanın müdafiə nazirliyi həyata keçirib. Ümumi olaraq 10 minədək Peşmərgə qüvvəsinin alman silahı ilə savaşdığı da bilinməkdədir. Almaniya İraqda xristian və yezidi kürdlərin təlim görməsinə də çalışır. 2014-cü ildə Bavariya əyalətinin Bonnland hərbi təhsil mərkəzində 32 kürd döyüşçüsünə təlim keçilib.

Ümumiyyətlə, Almaniyanın PKK, PYD yaxud Peşmərgəyə dəstək verməsi eyni zamanda asimmetrik formada Türkiyəyə qarşı savaşdığı anlamına da gəlməkdədir. Almaniyanın bəzi rəsmiləri etiraf edirlər ki, PYD və PKK-nın əlinə keçən alman silahları Türkiyə üçün böyük təhlükə yaradacaq.

Almaniya xüsusi xidmət orqanları çox gözəl bilirlər ki, 760 nəfər alman vətəndaşı İŞİD sırasındadır. Belə çıxır ki, rəsmi Berlin üzdə rasional şəkildə terrorizmə qarşı mübarizə apardığını elan edir, ancaq arxada irrasional davranır.

Şübhəsiz ki, Almaniyanın Şimali İraq Kürd muxtariyyatının var olması üçün bu qədər zəhmət sərf etməsinin başlıca səbəbi Şimali İraqın zəngin yeraltı sərvətləridir. Kürdlərin hazırda sahibləndikləri həmin ərazilər zəngin enerji qaynaqları ilə boldur. Berlin isə belə bir bölgədən qətiyyən vaz keçməyəcək.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti