Öl məzəli! (hekayə)

Öl məzəli! (hekayə)
  22 Sentyabr 2015    Oxunub:6142
Xülya

Ölməzəli kişi həmişəki kimi köhnə emalatxanasının qapısını bərk-bərk bağlayıb işləyirdi. O, kəndin ən yaxşı dulusçusu idi. Artıq çoxdan öz işində püxtələşmiş, arıq, qırışlara təslim olmuş əlləri ilə saxsı qaba forma verə-verə illərdir çəkdiyi bu əziyyətin boş olduğunu ağlından keçirirdi. 50 ilə yaxın idi ki bu peşəyə can qoyurdu.


Dulusçuluq ona atasından miras qalmışdı. Atasına babasından, babasına da öz atasından. Bir sözlə, Ölməzəli kişigilin nəsli bütün kənddə dulusçular nəsli kimi tanınırdı. Həmişə öz ata-baba sənəti ilə qürur duyan Ölməzəli kişidən fərqli olaraq oğlu Sadiq dulusçu olmaq istəməyib tarix fakültəsində oxumaq üçün Bakıya getmişdi. Bu hadisənin üstündən bir neçə il ötsə də, Ölməzəli kişi oğlunu bağışlaya bilmirdi. Sonuncu dəfə Sadiq dəbdən düşmüş bir peşə ilə ömrünü çürütmək istəmədiyini deyib getməklə atasının qəlbinə sağalmaz bir yara vurmuşdu...

Emalatxananın sınıq pəncərəsindən içəri dolan küləyin təsirilə qocanın canından ilıq bir üşütmə keçdi. Bəlkə də Sadiq haqqlı idi. İndiki dövrdə saxsı qablar kimin nəyinə lazımdır? Üstəlik alıcı da xeyli azalmışdı. Bəlkə doğurdan da bu peşənin daşını atmağın vaxtı çatıb?

Elə bu vaxt qapı döyüldü. Ölməzəli kişi ayağa durub qapıya tərəf getdi. 5-6 addımlıq məsafəni qət edənə qədər təngnəfəs oldu. Yaş öz sözünü deyirdi. Bayaqdan beynindən keçən fikirləri arxayın bir vaxt yenidən götür-qoy etmək qərarına gəldi və qapını açdı.
-Salam. Ölməzəli kişi sizsiz?
-Bəli, mənəm. N’olub ki?
-Eşitmişəm ki siz kənddə ən yaxşı dulusçusuz.

Ölməzəli kişi vərdiş etmədiyi sadəlövh bir özündənrazılıqla:
-Düz eşitmisən, bala, - dedi.
-Mən jurnalistəm. Məsum İnsafoğlu. Bu da operatorum. Televiziyadan gəlmişik. Dulusçuluq sənəti ilə bağlı reportaj hazırlayırıq. Buna görə də sizdən müsahibə almaq istəyirik.

Ölməzəli kişi qulaqlarına inanmadı:
-Necə?
-Yəni istəyirik ki, emalatxananızda sizinlə çəkiliş eləyək. Mümkündür?
-Niyə mümkün döyül? Buyurun, oğlum. Keçin içəri.

Gənc jurnalist təqribən elə onunla yaşıd olan operatorla emalatxanaya daxil oldu. Ölməzəli kişi birdən balaca uşaq kimi həyəcanlanmışdı. Özü də hiss edirdi ki, bunu gizlədə bilmir. Məsum da müsahibini asanlıqla çəkilişə razı saldığına görə xeyli sevincək idi.

Operator çəkiliş üçün texniki hazırlıq görür, Məsum isə Ölməzəli kişiyə emalatxana və kəndlə bağlı suallar verirdi. Oğlanın az qala qoca dulusçu qədər həyəcanlı olmasından və qeyri-dəqiq suallarından başa düşmək olardı ki, hələ öz işində peşəkar deyil. Hərdənbir operatorla danışarkən istifadə etdiyi televiziya terminlərini başa düşməyən Ölməzəli kişi isə əksinə, bunu onun “öz işinin ustası” olmasına yozurdu. Amma gənc jurnalist bəlkə də ilk reportaj təcrübəsini kəndin ən təcrübəli dulusçusu ilə sınaqdan keçirəcəkdi...

Çəkilişin necə gəlib keçdiyini Ölməzəli kişi özü də bilmədi. Kameranın “rec” düyməsinin işə düşməsilə ürək döyüntüləri şiddətlənən qoca bir neçə dəfə çaşsa da, həyatda ən yaxşı bacardığı işdən-öz peşəsindən necə lazımdır danışa bildi. Sağollaşarkən Məsum ona nömrəsini verdi. Həmçinin Ölməzəli kişinin nömrəsini almağı da unutmadı. Reportajın həftə ərzində efirə gedəcəyini dedikdən sonra cavan oğlanlar maşına minib gözdən itdilər. Qapının ağzında dayanıb gözlərini onlara tuşlayan qoca əslində heç kimi görmürdü. O, indi xəyalların sərxoşluğundan ayılıb qapını bağlamağı belə ağlına gətirmirdi. Bayaqdan bədənini didən soyuğu da hiss eləmirdi.

Emalatxananın qapısını bağlayıb çıxdı. Kəndin əzbər bildiyi küçələrində indi həmişəkindən fərqli olaraq məğrur, lovğa halda gəzir və ətrafdakıların baxışlarına nəzər belə yetirmədən xəyal qururdu. Ölməzəli kişinin aləmində ancaq seçilmiş insanlar və ən yaxşılar televizor adlı qutuda görünə bilərdilər. İndi o da televizora çıxacaq, kəndin ən yaxşı dulusçusu olduğunu və bu sənətin ölmədiyini hamıya, ən önəmlisi isə oğluna sübut edəcək. Atasını televizorda görəndən sonra bəlkə Sadiq də Bakıdan qayıdıb gələr? Reportajdan sonra bütün kənd Ölməzəli kişidən danışacaq. Nəinki kənd, hətta bütün ölkə onu tanıyacaq, yolda gedərkən tanımadığı adamlar ona salam verəcək, o, kəndin ən hörmətli ağsaqqalı olacaq...

Ölməzəli kişi növbəti 3 günü qarşısına çıxan hər kəsə jurnalistlərin onun ad-sanını eşidib reportaj üçün kəndə gəlməklərindən, onu razı salmaq üçün nə qədər dilə tutduqlarından şişirdə-şişirdə danışmaqla keçirdi. Məsum isə hələ də zəng etməmişdi. Ölməzəli kişi özü zəng eləməyə utanırdı deyə bir neçə gün də gözləmək qərarına gəldi. Onu kim görsə, reportaj barədə sual verirdi. Nəhayət qoca cəsarətini toplayıb oğlana zəng vurdu, amma cavab gəlmədi. Sonrakı günlərdə də onunla danışmaq mümkün olmadı.

Lakin heç bir şey Ölməzəli kişinin inamını sındırmırdı. Hər səhər şirin yuxulardan oyanır, gün ərzində də xəyallarında həmin yuxuları yaşamağa davam edirdi. Süjet efirə gedəndən sonra yəqin ki əynindəki köhnə cır-cındırı təzə kostyumla əvəz etməli olacaq. Böyük ehtimalla qalstuk da taxmaq lazım gələcək. Rayonun nüfuzlu tədbirlərində çıxış etmək üçün ən münasib adam bundan sonra bizim dulusçu olacaq. Onu ilk dəfə görən balaca uşaqlar “dulusçu baba” deyə qışqırıb boynunu qucaqlayacaq, böyüyəndə onun kimi usta bir dulusçu olmaq istədiklərini deyəcəklər. Daha heç bir oğul dədə-baba sənətini atıb oxumaq üçün şəhərə getməyəcək, heç bir ata oğlunun ardından emalatxanasına çəkilib gizli-gizli ağlamayacaq...

Ölməzəli kişi hər gün işini-gücünü atıb televizora baxmağa başladı. Axşamlar bütün ailə üzvləri yemək masasının ətrafına toplaşıb gözləyir, amma məşhur süjetin izi-tozu belə görünmürdü.

Təqvimin səhifələri azaldıqca qocanın xəyalları daha da böyüyürdü. O, əmin idi ki cavan oğlan onun kimi ağsaqqal sənətkarı aldada bilməz. Axı Məsum özü də bu süjetin onun indiyə qədər çəkdikləri arasında ən maraqlısı olacağını demişdi. Bəs onda nəyə görə zəng etmirdi?

Günlər bir-birini qovur, Ölməzəli kişinin ümidi üzülürdü. Ancaq bunu üzə vurmurdu. Getdikcə dik yerişli sənətkar əvvəlki beli bükülmüş qocaya çevrilir, kənd camaatı artıq ona inanmır, gizli-gizli ələ salırdı. Çünki bütün kənd onun “televizora çıxacağından” xəbərdar idi. Ölməzəli kişi özü də hərdən onların sözlərindəki ironiyanı duysa da, qətiyyən təslim olmurdu.

Nəhayət bir neçə həftədən sonra gözlənilən zəng gəldi! Məsum süjetin həmin gün axşam efirə gedəcəyini deyəndə, Ölməzəli kişinin az qaldı ki sevincdən bağrı çatlasın. Əvvəlcə evdəkilərə xəbər verdi. Dözməyib qonşulara, qohumlara, nəhayət bütün kəndə xəbəri çatdırdı. Arvadı Sadiqə də zəng eləyib xəbər verəcəyini deyəndə etiraz elədi, amma çox da kəskin formada yox. Çünki hamıdan çox oğlunun baxmağını istəyirdi. İlk qərara görə bütün ailə hər axşam olduğu kimi televizorun qarşısında toplaşıb baxacaqdı. Bir neçə ağsaqqal təklif elədi ki, kişilər kəndin mərkəzindəki çayxanada yığışıb baxsınlar. Yekun qərara görə isə bütün kənd həmin çayxanada yığışmalı idi.

Süjetin efirə gedəcəyi saat yaxınlaşdıqca kənd camaatı çayxanaya axışmağa başladı. Ölməzəli kişinin süjeti bir-birinə qaş-göz eləyən cavanlar və qeybətcil arvadlar üçün bəhanə olmuşdu. Ağlayan uşaqların, ağır eşidən qocaların qışqırtısı, cavanların qəhqəhə səsləri ətrafı bürümüşdü. Məlum saat tamam olan kimi Ölməzəli kişi gur səslə qışqırdı:
-Sakit olun! Başladı!

Hamı bir nəfər kimi susdu və gözlərini televizora tərəf tutub bərəltdi. Dəqiqələr ötür, aparıcı isə hələ də dulusçu kişinin materialını təqdim eləmək bilmirdi. Ölməzəli kişi üzünə təcrübəsiz halda yapışdırdığı saxta lovğalığın altında gizlənmiş yazıq siması ilə gözlərini ekrana zilləyir, az qala nəfəs belə almadan gözləyirdi. Axır ki aparıcı deyəsən insafa gəlib növbəti süjetin “qədim dulusçuluq sənəti” barədə olduğunu elan etdi. Ölməzəli kişinin az qaldı ki ürəyi getsin. Nə yaxşı ki evdən çıxanda arvadı ona sakitləşdirici dərman içirtmişdi.

Reportaj artıq başlamışdı, amma bizim qoca hələ ki görünmürdü. Hansısa səs dulusçuluq sənətindən danışır, efirdə özgə simalar gözə dəyirdi, amma Ölməzəli kişi yox idi. Düzdür, bir ara elə bil ki saxsı qab düzəldən əlləri görünən kimi oldu. Ancaq nə emalatxanası, nə də üzü görünmədi. Bir neçə dəqiqədən sonra yenidən efirdə saçı səliqə ilə daranmış aparıcı qadın peyda oldu və növbəti reportajı təqdim elədi. Ölməzəli kişi şokda idi. Axı oğlan onun danışığını çox bəyənmişdi. Onda nəyə görə efirə həmin müsahibəni verməmişdi?

Hərədən bir səs çıxırdı, amma Ölməzəli kişi heç birini eşitmirdi. Əbəs bir cəhd olduğunu dərk etsə də, sonuncu bir ümidlə jurnalistə zəng elədi. Bir neçə zəngdən sonra oğlan cavab verdi:
-Alo!
-Salam oğlum. Ölməzəlidi danışan. Duluşçu... Yadındadı?
-Bəli. Buyurun, Ölməzəli dayı.
-Oğlum, mən baxdım... axı sizin verilişdə göstərmədilər məni...
-Imm.. Hə... Bilirsiz, sizin müsahibənizi redaktor mətndən çıxarıbmış. Mənim də indi xəbərim oldu.
-Necə?
-Bizdə redaktor yoxlayır əvvəlcə. O, nəyi bəyənməsə çıxardır. Bağışlayın da... Mənlik bir şey yoxdu...
-Başa düşdüm.
-Narahatçılığa görə üzr istəyirəm. İnşallah başqa vaxt alınar müsahibəmiz.
-...

Ölməzəli kişi sağollaşmadan telefonu yerə qoydu. Hiss eləyirdi ki getdikcə səsi titrəyir. Bir az da danışsa ağlayacaq. Camaatı aralayıb çayxanadan uzaqlaşdı. Özünü heç nə olmamış kimi aparsa da, balaca uşaq belə onun nə qədər sındığını başa düşə bilərdi. Arxadan gələn gülüş səslərinə, suallara, söhbətlərə fikir vermədən emalatxanasına tərəf gedirdi. Bir neçə dəqiqəlik yolu az qala yarım saata başa vurduqdan sonra artıq sevimli emalatxanasında idi. İçəri girib sınıq oturacağında əyləşdi.

Gözünün ağı-qarası saxsı qablarına bir-bir göz gəzdirdi. 50 illik emalatxanasının hər küncünə doyunca tamaşa elədi. Bu emalatxanada atasının ona dulusçuluğun sirrlərini öyrətdiyi günləri yadına saldı. Babası Əli kişi cavan yaşda ölmüşdü. Onun adını və sənətini əbədi yaşatmaq arzusunda olan atası uşaqlıqdan əhd eləmişdi ki, oğlu olsa adını “Ölməzəli” qoyacaq. “Oğlum, əgər bu dədə-baba sənətini öyrənməsəydim, uşaq yaşda aclıqdan, səfalətdən ölüb gedərdim. Nə qədər ki Allah ömür verəcək, imkan vermərəm ki sənətimiz itib getsin. Gərək sən də ölənə qədər atamın can qoyduğu dulusçuluğu yaşadasan! Qoy onun adı da, sənəti də əbədi yaşasın!”, - deyə ona tez-tez öyüd-nəsihət verən yaşlı kişinin səsi hələ də qulaqlarında idi.

Gözləri doldu. Sadiq də Bakıya oxumağa gedəcəyini burada demişdi atasına. Yaşlar gözlərdən süzülüb qırışların yaratdığı çökəklikləri dəf edərək axmağa başladı. Otağın küncündəki benzinlə dolu şüşə gözünə sataşdı. Əyilib götürdü. Tərəddüdü qısa çəkdi. Benzini ətrafa tökməyə başladı. Cibindən kibrit çıxartdı. Doğma emalatxanasına sonuncu dəfə baxdıqdan sonra kibriti yandırıb yerə atdı...

Tezliklə hər tərəfi alov dilimləri bürüdü. Ölməzəli kişi gəmisinə sadiq kapitan ədası ilə yerindən tərpənmədən tamaşa edirdi. Çox keçmədən o da öz emalatxanası ilə birlikdə yanıb külə döndü.

Səhəri gün bütün kənd onun ölüm xəbəri ilə oyandı. Emalatxananın qabağı kənd sakinləri, Ölməzəli kişinin ağlayan arvad-uşağı, polislər və jurnalistlərlə dolu idi. Ölməzəli kişidən müsahibə alan Məsum İnsafoğlu da əlində mikrofon, həyəcanla kameraya baxaraq qocanın səbəbsiz intiharı barədə nə isə mızıldayırdı. O axşam bütün telekanallar intihar edən qocadan danışdı. Ölməzəli kişi axır ki arzusuna çatmış, “televizora” çıxmışdı...


Teqlər:





Xəbər lenti