Tarixini satan şəhər - Tiflisdən REPORTAJ

  21 Sentyabr 2015    Oxunub : 11158
Tarixini satan şəhər - Tiflisdən REPORTAJ
Tiflis, Tbilisi... Sözün deyilişində fərqlilik olsa, da hər kəs anladı ki, söhbət haradan gedəcək. Son illər `müsəlmanlar`ın (Tiflisdə öz yerlilərimiz bizə elə deyir) üz tutduğu `ucuz` istirahət məkanı. Ötən il də olmuşdum bu şəhərdə... Lakin bu il gördüklərim tamam fərqli idi. Yerli əhali ilə həmsöhbət olmağım məni Tiflsin `T`-sının belə qalmadığı qənaətinə gətirib çıxartdı.



...Gömrükdə biraz gözlədikdən sonra geçdik onlara. Sərhəddə gürcü gömrükçülərinin baxışlarından sanki bizim onlara borclu olduğumuz sezilirdi. Söhbət tək mənə qarşı deyildi. Bu, açıq-aydın hər kəsə qarşı görünürdü. Pasporta möhür vurulandan sonra düşdük yola.

Yollar düz olsa da, mədəniyyət yoxdur. 45 dəqiqə yol və biz Tiflisdəyik. İlk olaraq özü azəri olub, gürcü dilində danışan taksi sürücüləri qarşılayır adamı. Qısa yola əməlli-başlı qiymət oxuyurlar. Təbii ki, yolları tanıdığımdan bu cür oyuna gələ bilməzdim. Lakin Məkəzi Avtovağzal canlı kazino idi və taksi sürücülərinin əlində artıq 3 tuz vardı.

Oteldə qalmağa üsütünlük vermədim. Şəxsi ev tutdum. Çünki, həm oteldən rahatdır həm də sərfəli.

Şəhərin görkəmində ciddi dəyişiklik olmasa da, əhali barədə bunu demək çox çətindir. `Mişa` (Mixeil Saakaşvili) üçün darıxan camaatın çörək almağa pulu yoxdur. Bunu qaldığım evin yanında yerləşən mağazadan çörəyi nisyə yazdıran adamların üstünlük təşkil etdyini, 100 lari üçün (40 AZN) qızılını lombarda qoyan şəxsləri görən kimi anladım.



Pensiya sistemində yenilik əhalidə ciddi narazılğa səbəb olub. Deməli, iş stajından asılı olmayaraq hər kəs eyni pensiya alır. Şəhərin mərkəzinə doğru çoxları turistlərin hesabına dolana bilir. Lakin onlar da çox şeydən şikayətçidirlər. Balaca şərab evini işlədən gürcü xanım deyir ki, bir çox nazirlik işçiləri onları incidirlər. Yəni pul məsələsində.

Mərkəzi küçələr heç bir yerlinin cibinə uyğun deyil. Yalnız turistləri və qaraçıları görmək mümkündür. Dar küçələrdə eleqant obyektlərn qarşısında mini yubkalı qızlar milliyyətindən asılı olmayaraq hər kəsi qonaq dəvət edir. Qapının kəndarında isə dilənçilər oturur. Tarix artıq qazanc yerinə çevrilib. Adi mağazalarda satılan bir məhsulu sən bu “Butik”lərdən on qatına əldə edə bilərsən. Küçələrdə Putinin qadağa edilmiş şəkli fonunda rus turistlərinin sayı da çoxdur. Millətlər siyasəti biznesə qatmır.



Lakin tarixi abidlərin çoxu öz yerində, parklarda mərmər olmasa da, bakirəliyini qoruya bilib. Hər şey təbiidir. Otların, ağacların iyi şəhərin mərkəzində kənd ab-havasını yaşadır. Qazon görmək mümkün deyil. Yaşıllıq cəhətdən kasıb olmayan paytaxtın hər yerində çinarlar ucalır. Parklarda sovet dövründə tikilən oturacaq və abidələr doludur. Təmir işləri yalnız yollarda gedir. Evlərin çoxunun üzərində `satılır` sözü yazılıb. Bəziləri isə gecələr “Elit” yerlərdə özlərini satışa çıxarır. Hər kəs satır. Alan isə yalnız turistlərdir. Gürcüstan pul qazansa da, daha çox şey itirir. Bunu zaman göstərəcək.





Kür çayı Tiflisdə azərbaycanlılarla ermənilərin məhəlləsini bölür. Qəribə olsa da, bizimkilərin məhəlləsində erməni kilsəsi, onların məhəlləsində isə məscid var. Gürcülərin özü də erməniləri `tülkü` adlandırır. `Hiyləgər, xəsis, işi düşən zaman qardaş olan xalqdır`,- deyir sürücü Coni.- `Heç kəsi yaxın buraxmırlar. Heç zaman bilməzsən ki, onların içində nə var`.



Digər tərəfdən ermənilər azərbaycanlıların məhəlləsində evlərin çoxunu alıb. Erməni Mədəni Mərkəzi tikməyi düşünürlər. Bu, acı olsa da həqiqədir. Özü də ki, erməni biznesmen Robert Vardaryan tərəfindən. Bundan başqa, əsas hədəf “Heydər Əliyev” adına olan teatrdır. Hazırda qəzalı olan binanın vəziyyətini ermənilər kənardan izləyirlər.



Bundan başqa diqqət çəkən məqam ölkədə yaşayan azərbaycanlıların ictimai həyatda fəal olmamasdır. Həmyerlilərimiz dövlət işində çalışmağa cəhd etmir. Kresloda əyləşməyin yolu dövlət dilinin qramatik cəhətdən güclü bilməkdən keçir. Lakin azərbaycanlılar bunu bilsələr də, qulaq ardına vurur, mədəni tədbirlərdən kənar dururlar. Bunun əvəzinə kiçik yaşlı qızları tədrisdən uzaqlaşdırıb, ərə vermək dəbdir. Alver, öz dillərində gürcüləri yüksək səslə təhqir etmək, içərək “bura bizdikdir” qışqırmaları ilə yadda qalırlar.



Azərbaycandan gələnlərin bəziləri üçün Tiflis artıq İranın yerini tutub. Hətta gəzmək üçün gələn azərbayanlıların çoxu özünü burada müalicə etdirir. Tibbi avadanlıqlarımız eyni olsa da, təəssüf ki, onları idarə edənlər tamam fərqlidir. Yeri gəlmişkən, bütün xəstəxanalar şəhərədən kənara çıxarılıb ki, paytaxtda tıxac problemi olmasın. Milliyyətindən asılı olmayaraq vətəndaşlığı olan hər bir şəxsə bu ildən sığorta tətbiq edilməyə başlayıb. 16 min lari (8 min manat) dəyərində güzəşt olur.

Bütün bu gördüklərimdən sonra geri qayıtdım. Sərhədlərimizi ayıran sədlər kimi, fərqimiz çoxdur. 16 saatlıq yolculuqdan sonra doğma Bakıya çata bildim.



İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: