Biz gülməyi bacarmırıq – Aqşin Yenisey yazır

Biz gülməyi bacarmırıq – Aqşin Yenisey yazır
  22 İyul 2015    Oxunub:10098
Avropanın XVIII əsrdən sonrakı tarixini “Qəhqəhə çəkən aslanlar” dəyişdi. Volter gəldi və yataqda sevgililərinin kürəyinə söykədiyi vərəqlərə yazdığı xristianlıq və katolik kilsəsi haqqında satira dolu əsərlərlə mısmırıqlı monarxları əhliləşdirməyə başladı. Monteskyö dini və əxlaqı coğrafi şəraitin yaratdığını söyləyib, səcdə ediləcək əsl müqəddəslərin, əslində, iqlim, torpaq, relyef olduğunu sübut etdi.

Russo ictimai zərifliyini itirmiş kubar elitanı özünün sentimental ideyalarının azanıyla kövrəltdi. Bu fəlsəfi-siyasi humanizm, dini-ictimai yumor, “qanunların ruhu”na sitayiş çox keçmədən üç əsr əvvəl Avropanı lərzəyə salan taun xəstəliyi kimi bütün qitəni bürüdü. Volterin gülüşü daha sonra monarxist dövlətlərin dindən ayrılıb konstitusiyayla nikah bağlamasına, insan hüquqları və azadlıqlarına, söz və fikir özgürlüyünə, elmi cəsarətə, nəhayət, Avropanın coğrafi qitədən, az qala, mədəni planetə çevirilməsinə gətirib çıxardı.

Bu ictimai intibahın üstündən üç yüz il keçməsinə baxmayaraq, bu gün də bir çox xalqlar özlərinin mövcudluqlarını şərtləndirən ibtidai qanunauyğunluqları bütün bəşəri dəyərlərdən üstün tutaraq, mövcud sivilizasiyanın ümumi inkişafından geri qalırlar. Bu xalqların gündəlik həyatı hələ də təbii-ibtidai qanunlara əsasən “hamının hamıya qarşı mübarizəsi” rejimində kütləvi nevrozluqdan, ailəvi psixozluqdan, şəxsi cırtqozluqdan qaynaqlanan miskin əziyyətlər içində keçir.

Birinin sifətindən "ərəb baharının" səmum yelləri əsir, o birinin ağzından tələyə düşmüş qəzəbli rus ayısının köpüklü heliyi tökülür, başqa birinin cibindən azadlıq üçün verilmiş muzd qəbzi tapılır. Üzlərdə ilişib qalmış gülümsəmələr memorial effektlidir.

Dünya insanında işimiz yox, amma Azərbaycan insanının bu gün Maleviçin "Qara kvadrat"ını xatırladan “zamanın ikonası” kimi qaraqabaq, küt çöhrəsinin müəllifi özü deyil, bu qaramat Yaxın Şərq çıxılmazlığına işıq salan satiranın, yumorun yerini tutmuş cahil apokalipsisizmin kölgəsidir.

Öldürmək dəb, öldürülmək gündəlik məişət hadisəsinə çevrilib. Cinayət kəlməsi, az qala, arxaik protokol termini hesab olunur. Eramızdan əvvəl qisası şəxsi deyil, ictimai məsələ kimi müzakirə və mühakimə etmək haqqında qanun qəbul etmiş Roma hüququnun taxta çəkici yenə Furiyaların əlinə keçib.

Və belə bir vaxtda ədəbiyyat, media, incəsənət öz ulu ideallarını unudub cürbəcür dövlətlərin xüsusi xidmət orqanlarının törətdiyi sui-qsədlərin təsirinə düşərək, qorumalı olduğu ali mənəvi-bəşəri dəyərləri daha şiddətlə dağıtmaqla məşğuldur.

Fəlsəfədə Allahı, siyasətdə şəxsiyyəti, incəsənətdə müəllifi “öldürən” XX əsrin şöhrəti XXI əsrin əxlaqını pozub.

Yaradıcı mübarizənin tərkibində yumor, satira, lap belə vedrəbağlama yoxdursa, o, yaradıcı mübarizə deyil, yamyamların çiy ət uğrunda didişməsidir. Hətta tarixdə kəsdirdiyi başlardan qala ucaldan amansız Əmir Teymur da o vaxtkı Azərbaycan ərazisinə hücum edib qarşısını kəsən ilk dağın Ağrıdağ, o dağın ətəyindən axan çayın Əyriçay, o çayın sahilindəki kəndin Oğrukənd adlandırıldığını öyrənəndə gülərək təxminən belə demişdir: "Əyri, oğru, ağrı... bura haradı, ə?"

Teymurləngin təbəssümünün üstündən beş əsr sonra "Gülməli şey eybəcərliyin bir parçasıdır" deyən rus psixiatrı Vladimir Levi bu sözlərlə gülüşü eybəcərliyin doğurduğu reaksiya anlamında izah edirdi. Bu gün eybəcərliyin qarşılığı eybəcərlik olduğu üçün ağlamağımız gendən faciə ərköyünlüyünə bənzəyir, gülüşümüz isə ya "Hollivud gülüşü" kimi dekorativ effektli olur, ya da sadəcə, hırıltı.

Şərq ədəbiyyatı əzab tarixidir, Qərb ədəbiyyatı işgəncə. Ağrı Şərq şairinin içində, Qərb şairinin çölündə baş qaldırıb həmişə. Artıq biz əzab çəkməyi bacarmırıq, çünki həyat işgəncəyə çevirilib. Əzab mənəvi ağrıdı, işgəncə fiziki. Ona görə hüznlü yox, əsəbiyik.. Mənəvi ağrı insanı əsəbiləşdirmir, müdrikləşdirir, müqəddəsləşdirir. Bizim dediyimiz yumor hissi əzabdan doğur, yəni mənəvi ağrıdan. Biz inanırıq ki, mənəviyyatımızın hələ də ağrıyan yerləri var, ağrıyan təkcə şələ daşımaqdan zoqquldayan bədənimiz deyil, hərdənbir ruhumuzu da yada salmaq lazımdır. Heç olmasa, bir dəqiqəlik sükutla!


Teqlər:  





Xəbər lenti