İrəvanda gərginlik: Sarkisyan xalqa yalvardı

İrəvanda gərginlik: Sarkisyan xalqa yalvardı
  28 İyun 2015    Oxunub:4477
Ermənistan prezidenti Serj Sarkisyan İrəvanın mərkəzində aksiya keçirən etirazçılara müraciət edərək elektrik enerjisi sahəsindəki problemləri birgə həll etməyə çağırıb.

AzVision.az xəbər verir ki, bu barədə APA “Novosti-Armeniya” agentliyinə istinadən xəbər verir.

“Mən etiraz edən gənclərə müraciət edirəm: mənim əzizlərim, üzərinizə yeni məsuliyyət götürərək cəmiyyətdə gərginliyin azalmasına yönələcək addımların atılması istiqamətində real prosesin iştirakçısı olmaqdan çəkinməyin”, deyə o bildirib.

Sarkisyan etirazçılardan paytaxtın mərkəzini iflic etməməyi xahiş edərək, problemi sakit üsullarla həll etməyə çağırıb. O elektrik enerjisinin bahalaşması məsələsində “bizimkilər” və “sizinkilər” bölgüsünün olmadığını bildirərək, tərəfləri ayıraraq fərqləndirmək cəhdlərinin absurd və təhlükəli olduğunu qeyd edib.

İrəvanda keçirilən aksiyanın təşkilatçıları bu gün yerli vaxtla saat 18.00-da ümumi mitinq keçirəcək.

Bu barədə İrəvan polisinin rəis müavini Valeri Osipyan ilə danışıqlar zamanı etirazçıların Əlaqələndirici Qrupunun rəhbəri Vaqinak Şuşanyan bildirib.

“Bizim irəli sürdüyümüz tələblərdən elektrik enerjisinin bahalaşmasına dair qərarın ləğv olunması yerinə yetirilməyib, həmçinin iyunun 23-də səsləndirdiyimiz tələb – aksiyanın dağıdılması zamanı zor tətbiq edənlərin məsuliyyətə cəlb olunması da təmin edilməyib. Bu səbəbdən biz ümumi müzakirə keçirərək vahid qərarla çıxış etmək niyyətindəyik”, deyə Şuşanyan bildirib.

İrəvan polisinin rəis müavini Valeri Osipyan isə bildirib ki, aksiya dinc olsa da, qanunsuzdur və bu səbəbdən təşkilatçıları qanuna zidd addımlardan çəkinməyə çağırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti