Fransa Rusiyanın bank hesablarını dondurur

Fransa Rusiyanın bank hesablarını dondurur
  25 İyun 2015    Oxunub:2435
Fransa hakimiyyəti Rusiyaya məxsus milyonlarla avroluq bank hesablarını dondurub. Səbəb Rusiyada həbsxanada dünyasını dəyişmiş vəkil Sergey Maqnitskinin üzə çıxardığı fırıldaq işi ilə bağlı aparılan təhqiqatdır.
Fransa müstəntiqləri Rusiyadan nağd pulun çıxarılıb yuyulmasını araşdırır.

Təhqiqat ötən il başlanıb. Maqnitskinin vaxtilə işlədiyi qurum - "Hermitage Capital" iddia qaldırıb. Rusiyada işləyən İnvestisiya Fondu pulların bir hissəsinin Fransa və Lüksemburq vasitəsilə yuyulmasına dair sübut təqdim edib.

Maqnitski ümumilikdə 230 milyon dollarlıq fırıldaq mexanizmini üzə çıxarıb. Sonradan o, həbsxanada müəmmalı şəkildə dünyasını dəyişib.

Maqnitskinin keçmiş bossu, Hermitage Fondunun rəhbəri, 2005-ci ildə Rusiyadan qaçmış Bill Brouder Fransa müstəntiqlərinə ifadə verib.

Çikaqoda anadan olmuş, Amerika Kommunist Partiyasının keçmiş lideri Brouder deyib ki, Rusiya hakimiyyəti onun şirkətində reyd keçirəndən sonra o, Hermitage Fondundan Moldovanın bir neçə bankına yönəldilən, mənimsənilən pulun izinə düşüb. Həmin pullar Britaniyanın Vircin adaları və Fransa da daxil olmaqla Avropa üzərindən keçib.

Brouder 2012-ci ildə ABŞ konqresmenlərini bu işə bağlı Rusiya rəsmilərinə sanksiya qoymasına nail olub. Onların ABŞ-a çıxışı qadağan olunub, bank hesabları dondurulub. O, daha sonra digər ölkələri də bu sanksiyalara qoşulmaq üçün dilə tutub.

Yuxarıdakı sxemi üzə çıxaran Maqnitski Hermitage Fonduna məxsus şirkətlərin güclə ələ keçirilməsinə dair şikayət qaldırandan sonra həbs olunub. O, 2009-cu ildə 37 yaşında həbsxanada ölüb. İnsan haqları qrupları onun döyüldüyünü, tibbi yardımsız qaldığını bildirir.


Teqlər:





Xəbər lenti