`Azərbaycan regionda liderdir`- Viktor Yuşşenko

`Azərbaycan regionda liderdir`- Viktor Yuşşenko
  20 May 2015    Oxunub:3314
Ukraynanın üçüncü prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Viktor Yuşşenko Mərkəzin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə keçirilən üçüncü Bakı Qlobal Açıq Cəmiyyətlər Forumu iştirakçılarının Riqada keçirilən görüşü çərçivəsində AZƏRTAC-ın xüsusi müxbirinə verdiyi eksklüziv müsahibədə deyib: “Mənə çox xoşdur ki, bu gün Azərbaycan regionun qeyd-şərtsiz lideridir. Onun nəinki regional siyasəti, həmçinin Avropanın siyasətini formalaşdırmaq üçün ciddi imkanları və ambisiyaları var”.

Eks-prezident əmindir ki, bir tərəfdən, Azərbaycan siyasətindəki tarazlıq, digər tərəfdən, onun ambisiyaları regionda uzunmüddətli sülh və siyasi sabitlik perspektivinə kömək göstərir. Buna görə də o, Azərbaycan missiyasının həm regionda, həm də Avropada tam aşkar olması üçün əlindən gələni edir.

V.Yuşşenko deyib: “Bu gün Azərbaycanın səsi siyasətə daha çox konstruktivlik gətirə bilər. Biz tez-tez bu konstruktivliyi itiririk. Buna görə də Bakı forumu çərçivəsində, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin layihələri, “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində dialoq çox vacibdir. Bu, sabahkı perspektivlər barədə yaxşı siyasi diskussiyalardır. Mən Azərbaycanın mühüm, güclənən siyasi səsini əhəmiyyətli hesab edirəm”.

V.Yuşşenko bildirib: “Zənnimcə, qarşılıqlı ikitərəfli münasibətlərimiz sahəsində mövcud imkanlardan heç də tam istifadə edilməyib. Mən Ukrayna Mərkəzi Bankının sədri, ölkənin Baş naziri və prezidenti olarkən əziz dostum İlham Əliyevlə birlikdə qarşımıza böyük vəzifələr qoymuşduq. Energetika layihələrinə, təhlükəsizliyə, Azərbaycan neft şirkətinin Ukraynada nümayəndəliyi şəbəkəsinin genişləndirilməsinə dair planlarımız vardı. Biz, həmçinin Azərbaycan neftinin Polşaya, Avropaya nəql edilməsi, Ukrayna zavodlarında emal olunması imkanlarını nəzərdən keçirirdik. Bu, gözəl siyasi və iqtisadi dialoq idi. Bu gün Ukraynada həmin layihələrin, niyyətlərin bəhrəsini görmək mümkündür. Azərbaycanın Avropa ilə enerji əməkdaşlığına nail olmasını böyük ambisiya hesab edirəm. Odur ki, Azərbaycandan, dostum - Azərbaycan Prezidenti İlham Əliyevdən həmişə həvəslə danışıram”.

Ukraynanın keçmiş Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolundan bəhs edərək bildirib ki, Mərkəzin işi çərçivəsində Avropanın müxtəlif hissələrində ən aktual məsələlərə dair etik normalara uyğun siyasi diskussiyalar keçirilir. O deyib: “Bu baxımdan mərkəzin işi və layihəsi mənim üçün qiymətlidir. O, həmişə aktual mövzular təklif edir. Qeyd etmək istəyirəm ki, bunlar sadəcə debatlar olmur. Çox vaxt illərlə tanıdığın dostları başqa prizmadan görürsən. Bu diskussiyalar sayəsində biz formal yaxınlaşma prosesini keçirik və nəticəsi yaxşı olur. Bu gün prezidentlər, keçmiş baş nazirlər, dövlət başçıları qarşılıqlı anlaşma nümayiş etdirirlər. Qeyd etmək istəyirəm ki, bu, heç də həmişə belə olmayıb, çox şey dəyişib. Siyasi liderlər ağrılı mövzulara, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü problemlərinə toxunur, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ümumi qənaətə gəlirlər.

Məsələnin belə qoyuluşunu çox dəyərləndirirəm. Biz həmişə yekun sənədi tərtib edərkən, hadisələrə qiymət verərkən mövcud qlobal problemlərin nizama salınmasına tərəfdar çıxırıq. Mən Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin işini hər vasitə ilə dəstəkləyir və imkan olan yerdə onu təmsil edirəm”.


Teqlər:





Xəbər lenti