Prezident xanımı ilə görüşlər keçirdi

Prezident xanımı ilə görüşlər keçirdi
  18 May 2015    Oxunub:2619
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüblər.
Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olundu. Prezident İlham Əliyev bu ilin aprelində Səudiyyə Ərəbistanına rəsmi səfərini xatırlayaraq bu səfərin uğurla keçdiyini və müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından səmərəli olduğunu diqqətə çatdırdı.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni paytaxtımızda həyata keçirilən genişmiqyaslı abadlıq işlərinin, gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Artıq Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışan İyad bin Amin Mədəni bu tədbirin müxtəlif fikirlərin dinlənilməsi və onların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Söhbət zamanı Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

***

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.

Görüşdə Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edildi, Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından əhəmiyyəti yüksək qiymətləndirildi. Bakının artıq mühüm məsələlərin müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana çevrilməsinin əhəmiyyəti vurğulandı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi bildirildi.

Söhbət zamanı Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


Teqlər:





Xəbər lenti