Pakistan KİV-ləri Xocalıdan yazır

Pakistan KİV-ləri Xocalıdan yazır
  24 Fevral 2015    Oxunub:1498
Pakistanın ingilisdilli “Pakistan Observer”, “Navai Vakt”, “Al-Azkaar” qəzetləri, “Centreline” və “Pakistan in the World” jurnalları, həmçinin “DNA News” informasiya agentliyi Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “Dağlıq Qarabağ münaqişəsi: mənbəyi, hazırkı durumu, hüquqi aspektləri” adlı məqaləsini yayıb.

Məqalədə Gülüstan və Türkmənçay müqavilələri barədə məlumat verilir, Birinci Dünya müharibəsindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycana köçürüldüyü, Ermənistanın Azərbaycanın tarixi torpağı olan İrəvan xanlığında yaradıldığı vurğulanır. Bildirilir ki, 1905-ci və 1907-ci illərdə, həmçinin 1918–ci ilin mart ayında Bakıda və Azərbaycanın digər şəhərlərində ermənilər tərəfdən azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilib, on minlərlə günahsız insan qətlə yetirilib.

Müəllif Stalinin 1945-ci il qərarı, SSRİ Nazirlər Sovetinin 1947-ci və 1948–ci illərdə qəbul etdiyi qərarlar və digər bu kimi tarixi sənədlərə istinad edərək bildirir ki, 70 il ərzində Ermənistan Azərbaycanın torpaqları hesabına genişlənib, öz tarixi torpaqlarında yaşayan soydaşlarımız Azərbaycanın Kür-Araz ovalığına və Muğana köçürülüb. Ən nəhayət 1988–ci ildə Azərbaycana ərazi iddiaları irəli sürən Ermənistan burada yaşayan 200 mindən çox azərbaycanlını öz dədə-baba torpaqlarından didərgin salıb. 1961-1963-cü illərdə isə 226 min erməni xarici ölkələrdən Ermənistana köçürülüb.

Məqalədə 1988-ci ilin sonunda Ermənistanın havadarlarının dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək xülyasına düşdüyü, bu istiqamətdə bir sıra qanunsuz hüquqi aktların qəbul edildiyi vurğulanır.

Materialda 1991-ci ilin sonunda başlayan hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfdən işğal edildiyi vurğulanır. Bildirilir ki, münaqişə nəticəsində 1 milyon azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb. Ermənistan Azərbaycan ərazilərinin işğal edilməsinə, zəbt olunmuş torpaqlarda etnik təmizləmə siyasəti aparmasına, hərbi cinayətlər törətməsinə, burada qondarma və separatçı rejimin yaradılmasına görə tam məsuliyyət daşıyır.

Xocalı faciəsi barədə yazan müəllif bildirir ki, sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə erməni hərbi hissələrinin üzün müddət mühasirədə olan Xocalıya hücumu nəticəsində 613 mülki insan xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər yaralanıb, 150 adam itkin düşüb, 1000 nəfərdən çox insan girov götürülüb. Öldürülənlər arasında çoxlu uşaq, qadın, qoca və xəstələr olub. Səfir məqalədə Xocalı faciəsinin ermənilər tərəfindən düşünülmüş bir soyqırımı aktı olduğunu qeyd edib. O, qətliamın icraçılarından birinin Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın olduğunu diqqətə çatdırıb.

D. Şikarov Xocalıda törədilmiş faciənin BMT-nin Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş Qətliamın Qarşısının Alınması və Soyqırımı Cinayətinə görə Cəza Konvensiyasına əsasən soyqırımı olduğunu bildirir. Bu cinayətin Pakistan da daxil olmaqla bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi rəsmən tanındığı vurğulanır.

Qeyd edilir ki, XX əsrin əvvəllərində guya soyqırımına məruz qaldıqlarını iddia edən ermənilər elə həmin əsrin sonlarında özləri günahsız azərbaycanlılar və türklərə qarşı ağlasığmaz hərəkətlər törədiblər.

Vurğulanır ki, ermənilərə məxsus ASALA və digər terror təşkilatları tərəfindən Yaxın Şərq ölkələrində Türkiyənin səfirlikləri, baş konsulluqlarına, həmçinin Türkiyə şirkətlərinə qarşı bir sıra terror aktlarının həyata keçirilməsi, müxtəlif ölkələrdə 46 türk diplomatının qətlə yetirilməsi də məhz ermənilərin tarixinə yazılıb.

Məqalədə bildirilir ki, bu gün ermənilərin 1915-ci ildə qondarma soyqırımına məruz qalmalarının “100 illiyi”ni qeyd etməyə hazırlaşması əslində ermənilərin özlərinin 1905, 1907, 1918, 1988-1992-ci və sonrakı illərdə həyata keçirdikləri cinayətlərdən dünya dövlətlərinin diqqətini yayındırmaqdır.

Müəllif Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticələrindən danışılır, Azərbaycan iqtisadiyyatına dəymiş zərərin həcmini açıqlayır. Bildirilir ki, 1994-cü ildə imzalanmış atəşkəs rejimi Ermənistan tərəfdən məqsədyönlü şəkildə mütəmadi olaraq pozulur, bu kimi hallar 2014-cü ildə və 2015-ci ilin əvvəllərindən daha da intensivləşib.

Məqalədə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyən, həmçinin zəbt olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin qəbul edildiyi vurğulanır. Diqqətə çatdırılır ki, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, AŞPA və digər beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamələr qəbul edib. Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılmış separatçı qurumun qeyri-qanuniliyi beynəlxalq səviyyədə dəfələrlə təsdiq edilib. Ermənistanın tam nəzarətində olan qondarma və separatçı qurum beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.

Yazıda qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupu yaradılıb. Uzun illər keçməsinə baxmayaraq indiyə qədər bu qrupun fəaliyyəti, həmçinin bu istiqamətdə atılan digər addımlar Ermənistanın ucbatından nəticəsiz qalıb.

Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe haqqında yazan səfir qeyd edir ki, Azərbaycanın dövlət müstəqilliyini birincilər sırasında tanıyan Pakistan Ermənistanı bir dövlət kimi tanımır.

Qeyd edilir ki, Pakistan Senatı 2012-ci il fevralın 1-də və 2013-cü il mayın 10-da qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib və BMT TŞ-nin qətnamələrinin icra edilməsini, həmçinin işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın qeyd-şərtsiz çıxmasını tələb edib. Birinci qətnamədə Pakistan Senatı Xocalı faciəsini soyqırımı kimi rəsmi olaraq tanıyıb və bu cinayəti törədənlərin və sifarişçilərin məsuliyyətə cəlb edilməsini tələb edib.

Qardaş Pakistana tutduğu mövqeyə görə dərin minnətdarlığını bildirən səfir bu addımı Pakistan dövlətinin ədalət prinsiplərinə sadiqliyi, beynəlxalq hüquqa hörməti və səmimi dostluğun təzahürü kimi qiymətləndirib.

Müəllif məqalənin sonunda Dağlıq Qarabağ münaqişəsinin bölgədə böyük təhlükə yaratdığını, bu problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həllinin regionda sülh və tərəqqiyə yol açacağını bildirib. (AzərTAc)


Teqlər:





Xəbər lenti