`Biz azərbaycanlılardan nümunə götürməliyik`

`Biz azərbaycanlılardan nümunə götürməliyik`
  04 Noyabr 2014    Oxunub:1743
Xəbər verdiyimiz kimi, oktyabrın sonunda Şaulyay meri Yustinas Sartauskasın başçılığı ilə Litva nümayəndə heyətinin Şəmkir şəhərinə səfəri olub.

Mer Y.Sartauskas Litvaya qayıdandan sonra yerli KİV-lərə müsahibə verib. Litvanın populyar “Şaulyayskiye novosti” qəzetində “Azərbaycanda qızılgüllər daha dadlı ətir saçır” sərlövhəli məqaləsi dərc olunub. Məqalə ölkənin bir çox portallarında yerləşdirilib. Bu barədə AzərTAc-a Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.

Məqalə müəllifi Yolanta Qrublyauskayte yazır: “Şəhər hakimiyyət orqanlarının şübhə edən nümayəndələri burunları ovulmuş şəkildə geri döndülər. Sən demə, təqribən 41 min əhalisi olan Şəmkir bəzi ölkələrin uzun illər ərzində əldə edə bilmədiklərinə beş ildə nail olub. Yəni, ola bilsin, yaxın vaxtlarda Azərbaycan Şaulyay şirniyyatından ləzzət alacaq, Şaulyay isə Azərbaycanın “şərab çaylarına qərq olacaq”.

Məqalədə deyilir ki, Şaulyay meri Y.Sartauskasın Şəmkirə səfəri çərçivəsində Azərbaycan-Litva hökumətlərarası komissiyasının iqtisadi əməkdaşlıq üzrə dördüncü iclası keçirilib. İclasın yekunlarına görə, Şəmkir rayonu ilə biznes, turizm, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq haqqında niyyət protokolları imzalanıb.

Litva hökumətinin nümayəndələri mətbuat konfransda gizlətməyiblər ki, uzaq diyara yola düşəndə yetərincə şübhə içində olublar. Onlar düşünürmüşlər ki, dövlət uzaq, şəhər isə kiçikdir və belə “yoldaşlıqdan” hər hansı fayda götürmək müşkül məsələdir. Doğrudur, bu fikirlər təyyarədən düşən kimi dərhal 360 dərəcə dəyişib. Litva nümayəndələrini qarşılayan Şəmkir Şəhər İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, qonaqlar çiçəklənən Azərbaycana gəliblər.

Şaulyay şəhərinin meri Y.Sartauskas niyyət protokollarının imzalandığı Heydər Əliyev Sarayına, sarayı əhatə edən parkın bənzərsiz gözəlliyinə heyran qaldığını gizlətməyərək deyib: “Lap parkın yanında bayraq muzeyi yerləşir. Azərbaycanlılar öz dövlətinin bayrağı ilə çox fəxr edirlər və belə örnəklər barədə biz də düşünməliyik”.

Məqalədə Şəmkirin hakimiyyət orqanlarının gələn il üçün planlarından da danışılır. Texnologiyalar parkı açmaq planlaşdırılır. Parkın səhmlərinin 37 faizinin sahibi Litvanın Majeykyay firmasıdır. Gündə 40 ton məhsul istehsal edəcək böyük çörək zavodu işə salınacaq. Jurnalistlər bu kiçik şəhərin həqiqətən gözəl olması barədə sual veriblər. Şəhər meri başı ilə bunu təsdiq edərək deyib: “Siz ardını dinləyin. Bu il dağlarda bir milyard avro dəyərində hidroelektrik stansiya işə salınacaq. Həqiqətən, çox güclü təəssürat yaradır.
İndi Şaulyay şəhərinin hökuməti Şəmkir nümayəndə heyətini gözləyəcək. Merin müavini D.Martinkiyene deyib: “Biz də onlara ən yaxşı nə varsa onu göstərərik. Yəqin ki, park salmağa macal taparıq”. Mer isə onun sözlərinə müdaxilə edərək ümidvar olduğunu bildirib ki, qonaqların gəlişinə qədər Talkşa gölü üzərindəki “Yelkən” restoranı gələcək məsələləri müzakirə etmək üçün onları qəbul etməyə hazır olacaq.


Teqlər:





Xəbər lenti