Foqtsun Azərbaycandan əvvəlki fokusları - Video

Foqtsun Azərbaycandan əvvəlki fokusları - Video
  15 Oktyabr 2014    Oxunub:2423
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla bağlı maraqlı görüntülər ortaya çıxıb.
Virtualaz.org saytı xəbər verir ki, Azərbaycanın Avro-2016-nın seçmə oyunları çərçivəsində oktyabrın 13-də Xorvatiyada bu ölkənin millisinə 0:6 hesablı ağır məğlubiyyətindən sonra tənqid hədəfinə çevrilən Foqts heç də “dahi məşqçi” yox, sən demə, əslində adi fokus ustası imiş.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlum olur ki, Foqts əvvəllər şou-proqramlara qatılıb fokus çıxarmaqla məşğul imiş.

Youtube videosaytına 2010-cu ilin iyun ayında yerləşdirilən həmin videonun sərlövhəsi də çox maraqlıdır - “Baş məşqçilər yalan deməz”.

Bu şou-proqram 1983-cü ildə baş tutub. Lentə də o vaxt alınıb. Foqts həmin verilişdə hətta fokus da göstərir.

Hadisənin üstündən 31 il keçib. Foqts indi Azərbaycan millisinin baş məşqçisidir. Yəqin əvvəllər fokus göstərən Foqtsun özü də inanmazdı ki, 31 il sonra Azərbaycana baş məşqçi kimi gələcək və milyonlar qazanacaq. Futbol fokusu göstərə-göstərə...

1946-cı ildə Almaniyada anadan olan B.Foqts 1965-1979-cu illərdə “Borussiya” (Münhenqladbax) klubunun heyətində çıxış edib. 1967-ci ildən Almaniya milli futbol komandasına çağırılıb. 1978-ci ilə kimi millidə çıxış edib. 96 oyunda meydana çıxıb, 1 qol vurub. Almaniya millisinin heyətində 1972-ci ildə Avropa, 1974-cü ildə isə dünya çempionu olub. Həmçinin 1970-ci il dünya çempionatının bürünc, 1976-cı il Avropa çempionatının gümüş medalını qazanıb.

B.Foqts 1979-cu ildə futbolçu karyerasını başa vurub və məşqçilik karyerasına başlayıb. 1979-1990-cı illərdə Qərbi Almaniyanın gənclər millisinin baş məşqçisi olub. 1986-1990-cı illərdə Qərbi Almaniyanın əsas komandasında köməkçi məşqçi funksiyasını yerinə yetirib. 1990-cı ildə Almaniya milli komandasına baş məşqçi təyin olunub. 1996-cı ildə onun başçılığı altında komandası Avropa çempionu olub. 1998-ci ildə millidən ayrılıb. 2000-2001-ci illərdə “Bayer-04” (Leverkuzen) klubunun, 2001-2002-ci illərdə Küveyt millisinin, 2002-2004-cü illərdə Şotlandiya millisinin, 2007-2008-ci illərdə Nigeriya millisinin baş məşqçisi olub. Berti Foqtsun bu komandalardakı fəaliyyəti uğursuz olub. Göründüyü kimi, heç bir klub, heç bir ölkənin milli futbol federasiyası Foqtsu baş məşqçi postunda 2 ildən artıq saxlamayıb.

Alman mütəxəssis 2008-ci ildən indiyə kimi, yəni artıq 7-ci ildir ki, Azərbaycan millisinə başçılıq edir. Onun illik məvacibi rəsmən açıqlanmasa da mətbuat Azərbaycanda ildə 2 milyon avro aldığını iddia edir.

Azərbaycan millisi Foqtsun başçılığı altında heç bir titul və uğur qazanmayıb. Uğur qazanmaq hələ bir tərəfə qalsın, həmişə ağır məğlubiyyətlərlə üzləşib, reytinqi ildən-ilə düşüb və düşməkdə də davam edir.

Foqts isə hər ağır məğlubiyyətdən sonra “narahat olmayın, yaxşı olacaq, təcrübə toplayırıq, öyrənirik, təzə başlayırıq...” deyə-deyə vaxt və babat pul qazanır. Üstəlik möcüzəyə - azərbaycanlı futbolsevərlərin onun fokuslarından bir şey anlamayacağına ümid edə-edə..




Teqlər:





Xəbər lenti