İŞİD Türkiyəyə girdi - Yenilənib
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, terrorçular Türkiyəyə işğal niyyəti ilə deyil, minalanmış əraziyə keçən mülki vətəndaşı götürmək üçün sərhədi keçiblər.Belə ki, iki terrorçu dəmir yolunu keçərək Türkiyə topraqlarına girib və həmin mülki vətəndaşı geri çağırsalar da razı sala bilməyiblər. Bu əsnada Şərq 1-ci sərhəd qapısındakı əsgərlər İŞİD-çiləri müşahidə edib, zirehli maşınlar İŞİD-ə yaxın ərazilərdə dövr edib.
Daha sonra isə terrorçular uzaqlaşaraq öz yerlərinə qayıdıblar.
***
"İslam Dövləti" terror təşkilatının yaraqlıları Suriyanın Kobani şəhərindən Türkiyə ərazisinə keçiblər.
AzVision.az-ın trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.
Məlumata əsasən, terrorçular döyüşlərin davam etdiyi Kobanidən Türkiyə-Suriya sərhədindəki minalanmış əraziyə soxulublar.
Məlumatda o da qeyd olunur ki, bu, "İslam Dövləti" terrorçularının sərhədi açıq şəkildə keçdiyi ilk haldır.
Türkiyə ordusunun sərhəd pozuntusuna reaksiyası haqqında məlumat verilmir.
"İslam Dövləti " (əvvəllər "İraq və Şam İslam Dövləti") 2003-cü ildə İraqda yaradılıb. 2004-2006-cı illərdə terror təşkilatına Əbu Musab əl-Zərqavi rəhbərlik edib. Təşkilatın tərkibinə “Əl-Qaidə” terror təşkilatı ilə sıx əlaqəsi olan 11 radikal islam qruplaşması daxildir.
Suriyada silahlı müxalifətlə hökumət qoşunları arasında hərbi toqquşmalar başladıqdan sonra terror təşkilatı 2013-cü ildə Suriyaya soxulub. Bundan sonra "İslam Dövləti" təşkilatı “Əl-Qaidə”nin andını qəbul etməkdən imtina etdiyini və bütün qruplaşmalara, eləcə də hökumət qoşunlarına “cihad” elan etdiyini bəyan edib.
"İslam Dövləti"nin Suriyada mövqelərinin möhkəmlənməsi onun İraqa qayıda bilməsinə gətirib çıxarıb.
İyunun 10-da "İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının silahlıları İraqın Mosul şəhərini və bir neçə yaşayış məntəqəsini zəbt ediblər. İyunun 16-da isə İŞİD yaraqlıları İraqın Təl-Afar şəhərinə nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terrorçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.
Bu il iyunun 25-də İraqdakı sünni qruplaşmaların "İraq və Şam İslam Dövləti" terror təşkilatının yaraqlılarına qarşı birləşdikləri barədə məlumat verilir. Həmçinin yaraqlılara qarşı 2007-ci ildə İraqda “Əl-Qaidə”yə qarşı fəal mübarizə aparan "1920-ci il İnqilabçıları briqadası" da silahlanıb. Həmçinin İraq İslam Milli Müqavimətinin, İraq İslam Ordusu, Mücahidlərin Sünni Ordusunun fəalları da silahlanmağa başlayıb.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "islam xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Fatimə Kərimli