Rusiyada azərbaycanlı məhbus ölümcül döyüldü

Rusiyada azərbaycanlı məhbus ölümcül döyüldü
  14 Oktyabr 2014    Oxunub:2069
Rusiyanın Novosibirsk şəhərində 1 saylı istintaq təcridxanasının rəhbərliyinə qarşı cinayət işi qaldırlıb.
AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, rəhbərlik təcridxanada saxlanılan Azərbaycan vətəndaşı Kənan Cəlilovun 9 məhbus tərəfindən ölümcül döyülməsinə şərait yaratmaqda ittiham olunur.

Novosibirsk vilayəti üzrə İstintaq Komitəsinin rəsmisi Marina Kinjalova deyib ki, təcridxananın rəisi də daxil olmaqla bir neçə məsul şəxsə qarşı bir neçə maddə üzrə cinayət işi qaldırılıb.

Böyük rezonansa səbəb olan hadisə ötən ay - sentyabrın 8-də baş verib. 2012-ci ildən təcridxanada saxlanılan K.Cəlilova hücum edən 9 məhbus onu digər məhbusların gözü qarşısında ölümcül döyüblər.

İstintaqın versiyasına görə, K.Cəlilovun özü azərbaycanlılardan ibarət adam oğruları və reket bandasının üzvü olub. O, imkanlı azərbaycanlı biznesmenləri oğurlayıb yaxınlarından pul tələb etməkdə, qanunsuz silah gəzdirməkdə, reketdə ittiham olunur.

Sentyabrın 8-də axşam onun kamerasına daxil olan 9 məhbus Cəlilovu amansızcasına döyüb və gediblər. Cəlilov əvvəlcə həbsxananın tibb hissəsinə yerləşdirilib, vəziyyəti kritik olduğundan oradan şəhər xəstəxanasına aparılıb. Hazırda o, koma vəziyyətindədir və yaxınları Cəlilovun həyatı üçün təhlükə olduğunu deyirlər. Ona hücum edib döyənlərin motivi hələ müəyyən deyil. Bəzi məlumatlara görə, Cəlilovdan iri məbləğdə pul tələb ediblər.

Təcridxana rəisi isə bu hadisəni ört-basdır etməyə çalışıb. O, K.Cəlilovun naradan yıxılaraq xəsarət aldığına dair arayış hazırlayıb və zərərçəkəni bu adla xəstəxanaya yerləşdirib.

Lakin bildirilir ki, həbsxana rəhbərliyi onu döyən məhbuslara kameralarından çıxmağa bilərəkdən şərait yaradıb və həmin şəxslər Cəlilovun kamerasına nəzarətçilər tərəfindən buraxılıblar.

Bu hadisə geniş rezonansa səbəb olub və yerli ictimai təşkilatlar baş prokuror Yuri Çaykaya, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə müraciət edərək hadisənin obyektiv araşdırılmasına çağırıblar.


Teqlər:





Xəbər lenti