İranın Azərbaycana təsir imkanları tükənib – TƏHLİL
Xarici İşlər Nazirliyimiz belə hallarda verilməli olan ənənəvi diplomatik cavabını yubatmadı. Bildirildi ki, konfransda səslənən fikirlər Azərbaycanın rəsmi mövqeyini əks etdirmir, Bakı Tehranla münasibərlərə xüsusi önəm verir, və sair və ilaxır. Həqiqətən də, tədbir rəsmi dövlət tədbiri deyildi, eyni zamanda konfransda hakimiyyətdə təmsil olunan hər hansı rəsmi şəxs iştirak etmirdi.
Ancaq İran çox gözəl anlayır ki, hər hansı bir dövlət hər nə qədər demokratik olursa-olsun, ölkədəki hakim siyasi iradənin ziddinə belə geniş tərkibli tədbirin keçirilməsi mümkün deyil. Hələ qaldı ki, konfrans belə həssas mövzuya həsr oluna və heç də hər zaman xoşməramlı münasibətilə seçilməyən qonşu dövlətdən gələcək əks-sədanın mənfi notlar üzərində köklənəcəyi də əvvəlcədən bilinə. Yəni İranın reksiyasının ürəkaçan olmayacağını proqnozlaşdırmaq üçün dərin siyasi biliyə malik olmaq lazım deyil. Belə olan halda, nəyə görə rəsmi Bakı bu və buna bənzər tədbirlərin keçirilməsi, yaxud, bəyanatların səslənməsinə şərait yaradır, yaxud ən azı, göz yumur?
İlk növbədə söhbət Azərbaycanın milli maraqlarından gedə bilər. Belə ki, İran seçkiqabağı ərəfədə Azərbaycanda dini təmayüllü qüvvələrin baş qaldırması ilə qarışıqlığın yaranmasında maraqlı ola bilər. Bu işdə İranla Rusiya xüsusi xidmət orqanlarının birgə fəaliyyəti də istisna olunmur. Odur ki, Azərbaycanın da öz növbəsində İrana qarşı adekvat cavabları mümkündür və Bakı əlində olan çox güclü kartın ucunu göstərməklə Tehrana xəbərdarlıq edir.
İranın Azərbaycana təsiri və əksinə, Azərbaycanın İrana təsiri müqayisə olunarsa və bu zaman müasir dövrdə yaranmış geosiyasi reallıqlar nəzərə alınarsa, Bakı bu məsələdə Tehranı üstələyir. Qərbin sanksiyalarından əziyyət çəkən, regiondakı tərəfdaşlarını itirmiş, rejiminin laxladığı və İsraillə savaş vəziyyətində olan İran üçün milli zəmində daxili narazılıqların baş qaldırması ciddi başağrıya çevrilə bilər. Azərbaycan üçün də dini zəmində narazılıq və çıxışların baş qaldırması labüddür. Lakin İrandan fərqli olaraq, Azərbaycanda bu tendesiya böyük əhali kütləsinə təsir etmək gücündə deyil.
İranın Azərbaycana qarşı digər əks təsir göstərəcəyi iqtisadi təsir vasitələri isə artıq tükənib. Yeri gəlmişkən, bu fikir Rusiyaya üçün də keçərlidir.
Cənubi Azərbaycan məsələsi Qərbin Yaxın Şərq kampaniyası çərçivəsində İrana qarşı effektiv vasitələrdən biri hesab oluna bilər. Yaxın Şərqin “qərbləşdirilməsi” prosesi ərəb inqilabları ilə başladı və bu prosesin növbəti hədəfi Suriya ilə İrandır. Regionda gedən proseslər və Amerikanın xarici siyasi kursu onu göstərir ki, yaxın illər ərzində də, regiona silahlı müdaxilə planlaşdırılmır. Daha çox müxtəlif formalı daxili inqilabların baş qaldırması ehtimal olunur. Kampaniyanın aparıcı dövləti olan Türkiyənin İsraillə “barışması” İran üçün böyük təhlükə və təhdiddir. Azərbaycanın həm İsrail, həm də Türkiyə ilə hərbi-strateji əməkdaşlığı İranı mühasirə vəziyyətinə salır.
Cənubi Azərbaycanın müstəqillik toxumlarının səpilməsi və mütəmadi qaydada sulanması uzunmüddətli perspektivdə öz bəhrəsini verə bilər. Tehran üçün hazırkı məqamda İsrai-Azərbaycan-Türkiyə oxunu qırmaq mühüm əhəmiyyət daşıyır. Hətta Misirin də anti-İran oxuna qoşulması mümkündür. İranın Misirlə çoxdan pozulmuş dostluğu bərpa etmək cəhdləri təsadüfi deyil. Odur ki, Tehranın ya Türkiyə, ya da Azərbaycanla intensiv danışıqlara başlamasını ehtimal etmək olar. Yənı Tehran Bakı ilə münasibətlərini normallaşdırmaqda özü maraqlı olmalıdır. Bu amildən isə, Ermənistana qarşı ələvə təzyiq vasitəsi kimi istifadə etmək olar.
Tofiq Əsgərov