Üçüncü Dünya Müharibəsi xofu güclənir: İsveç nüvə müharibəsinə hazırlaşır

 Üçüncü Dünya Müharibəsi xofu güclənir:  İsveç nüvə müharibəsinə hazırlaşır
  06 Aprel 2025    Oxunub:554
Rusiyanın Ukrayna ilə müharibəsi fonunda gərginliyin günü-gündən artdığını gözə alan İsveç, xalqı müharibəyə hazırlamaq üçün təcili tədbirlər görür.
AzVision.az "Daily Mail" saytına istinadla xəbər verir ki, İsveç 7 milyon insan üçün nəzərdə tutulmuş 64,000 nüvə bunkerini hazır vəziyyətə gətirib. Bununla əlaqədar 5 milyon evə təlimatlar paylanılıb.

Sığınacaqlar partlayışlardan, radiasiyadan və kimyəvi silahlardan qorunmaq üçün nəzərdə tutulub. İsveç əhalisinin sayı təxminən 10.5 milyon nəfərdir və bunkerlərdə əhalinin üçdə iki hissəsi yerləşdirilə bilər.

Məlumata görə, hökumət bunkerlərin modernləşdirilməsi üçün 100 milyon kron (10 milyon dollardan çox) ayıracaq və 2030-cu ilə qədər hərbi xərcləri ÜDM-in 3,5%-nə çatdıracaq ki, bu da Soyuq Müharibə başlayandan bəri ən yüksək göstəricidir.

İsveçin bu addımı göstərir ki, Avropa yaxın illərdə "əsas" müharibəyə hazırlaşır. Baltikyanı ölkələr və Polşanın ardınca Finlandiyanın piyada əleyhinə minaların istifadəsini qadağan edən müqavilədən çıxacağını elan etməsi də bundan xəbər verir. Bunlarla yanaşı, Avropa İttifaqı keçən həftə 27 üzv ölkəsindəki hər bir ailənin müharibə və ya təbii fəlakətlər zamanı üç günlük "xilas paketi" ilə təmin olunması barədə tapşırıq verib. Almaniyanın yüksək çinli generalı isə millətin özünü müdafiə edə bilməsi üçün hərbi xidmətə çağırış tətbiq etməli olacağı barədə xəbərdarlıq edib.

Səbinə Həsənova
AzVision.az





Teqlər:





Xəbər lenti