Azərbaycan-Macarıstan mədəni əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Macarıstan mədəni əməkdaşlığı müzakirə olunub
  19 Fevral 2025    Oxunub:468
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 19-da Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə görüşüb.
Səfiri salamlayan nazir Azərbaycan ilə Macarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Deyib ki, Prezident İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orbanın qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri iki ölkə əlaqələrinin, o cümlədən mədəni əməkdaşlığın da inkişafında müstəsna əhəmiyyət kəsb edir.

Nazir Azərbaycan-Macarıstan mədəni əlaqələrinin geniş perspektivə malik olduğunu bildirib, bu sahədə yeni addımların atılmasının faydalı olacağını diqqətə çatdırıb. Səfir Tamaş Yojef Torma ölkəsinin Azərbaycanla mədəni əlaqələrə xüsusi önəm verdiyini qeyd edib. Bildirilib ki, Macarıstan kinematoqrafiya sahəsində zəngin ənənələrə malikdir və hazırda müasir film studiyaları fəaliyyət göstərir.

Diplomat kitabxana sahəsində də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, ötən ilin oktyabr ayında Azərbaycan Milli Kitabxanasında “Macarıstan ədəbiyyatı guşəsi”nin yaradılmasından məmnunluğunu dilə gətirib. Adil Kərimli bu il Özbəkistanda keçirilməsi planlaşdırılan II Türk Dünyası Mədəniyyət Forumunda Macarıstanın da iştirakının əhəmiyyətli olacağını deyib.

Bundan əlavə, nazir iki ölkənin ali təhsil ocaqlarında Azərbaycan və macar dillərinin qarşılıqlı tədrisi ilə bağlı təklifini səsləndirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti