Bu il üç dəfə “planetlərin böyük paradı” olacaq
Hadisə zamanı Günəşdən bir tərəfdə dörd planet bir sektorda düzülərsə, bu, kiçik parad adlanır. Altı planet düzülərsə, böyük parad, bütün planetlər bir sırada olduqda isə tam parad hesab edilir. Üç planetin bir-birinə yaxınlaşdığı mini parad ildə bir neçə dəfə, dörd planetin yaxınlaşdığı kiçik parad ildə bir dəfə, beş və ya altı planetin iştirak etdiyi böyük parad isə hər 20 ildən bir baş verir. Tam planet paradı isə olduqca nadir hallarda, təxminən 170-180 ildən bir müşahidə olunur.
Beləliklə yanvarın 21-də axşamdan Günəş batan kimi 6 planet - Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcəklər. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Venera, Neptun, Uran, Yupiter və Mars.
Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür. Bundan başqa, fevralın 28-də axşamdan Günəş batan kimi 7 planet - Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun planetləri Yerdən eyni vaxtda görünəcəklər. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars.
Eyni zamanda avqustun 11-də səhər saatlarında 6 planeti - Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptunu Yerdən eyni vaxtda görmək mümkün olacaq. Qeyd edək ki, “planetlərin paradı” tamamilə vizual hadisədir və Yerin təbiətinə, canlılara heç bir mənfi təsir göstərmir.
AzVision.az
Teqlər: