Dünyanı mat qoyan 7 gün | DAYCEST

// Qlobal medianın Suriyada baş verənlərə baxışı

   Dünyanı mat qoyan 7 gün    | DAYCEST
  09 Dekabr 2024    Oxunub:2241
Suriyada 61 il sürən BƏƏS rejiminin çökməsi dünya mediasının əsas mövzularından biridir. Məşhur media orqanları hadisənin müxtəlif tərəflərini öz baxış bucaqlarından şərh edirlər. AzVision.az onların bəzi maraqlı fikirlərini oxucuları üçün seçib.
“Financial Times” (Britaniya)

Əsəd hakimiyyətini İranın və Rusiyanın köməyilə saxlaya bilirdi. Amma müflisləşmiş bir dövləti idarə edirdi. Hətta məxsus olduğu ələvi (şiə) icmasının nümayəndələri də uzun illər sürən xaosdan və iqtisadi çətinliklərdən sonra ondan üz çevirmişdilər.

“The New York Times” (ABŞ)

Suriya rejiminin ən ağır vaxtında havadarı olan İran səhnəni tərk etdi. Qırx il sürən bu müttəfiqliyin çökməsi Yaxın Şərqdəki tarazlığın yenidən qurulması ilə nəticələnəcək. İranın Fələstində, Livanda, Suriyada, İraqda, Yəməndə yerləşən hərbi qrupların köməyilə qurduğu “müqavimət məhvəri” zəifləyəcək. İsrail və onunla müttəfiq olan ərəb ölkələri güclənəcəklər.
ABŞ zindanında yetişən lider: Əsədi devirən şəxs kimdir

“Le Figaro” (Fransa)

Yüz minlərlə suriyalı yenidən ölkəsinə qayıtmaq ümidilə yaşamağa başlayıb. Onların bəziləri artıq vaxtilə Əsəd rejimindən qaçıb sığındıqları Beyrutu tərk edərək, vətənlərinə yola düşüblər.

“Fars News” (İran)

Necə oldu ki, terror qruplaşması cəmi bir neçə günə böyük şəhərləri tuta-tuta Dəməşqə qədər gəldi? Bunu ancaq Suriya rejiminin daxili quruluşundan başı yaxşı çıxanlar anlaya bilərlər. Dörd əsas səbəb bunlardır:
• Orduda korrupsiya və döyüş ruhunun olmaması;
• Xalqın hökumətə və orduya dəstək verməməsi;
• İqtidarın regiondakı digər dövlətlərlə oynamaq cəhdləri;
• Xarici müdaxilə.

“Əl Cəzirə” (Qətər)

Niyə Əsədin çöküşü belə sürətli oldu? Çünki Suriyanın iqtisadiyyatı onsuz da dağılmışdı. Ölkə, deyilənə görə, “kaptaqon” (fenetillin - red) adlanan narkotik maddənin qanunsuz dövriyyəsinin hesabına yaşayırdı. Güzəranı getdikcə pisləşən əhali və ordu Əsədin getməsini istəyirdi. Əsəd hakimiyyətini ancaq Rusiya və İranın yardımı ilə ayaqda saxlaya bilirdi. Amma Rusiyanın başının Ukraynada qarışması, İranın isə İsrailinin “Hizbullah”a vurduğu zərbələrdən sonra ciddi problemlərlə üzləşməsi Əsədi himayədarlarından məhrum etdi. Buna görə də Suriya rejiminin dadına yetişə bilmədilər.

“Beytszin Jibao” (Çin)

Hökumətin süqutu və Dəməşqin ələ keçirilməsi Suriya üçün böyük faciədir. Çünki bu vəziyyət ölkəyə sülh və sabitlik gətirməyəcək, əksinə, xaosu daha da dərinləşdirəcək. Yenidən vətəndaş müharibəsi başlaya bilər. Bir neçə hərbi qruplaşma ölkəyə nəzarəti ələ keçirmək uğrunda mübarizə aparacaq. Beləliklə, yaxın perspektivdə heç bir qüvvə Suriyanı birləşdirə bilməyəcək.

“The Jerusalem Post” (israil)

İsrail qəvi düşməni olan Əsəd üçün göz yaşı tökməyəcək, amma onun yerinə gələnlər də gül-çiçəklə qarşılanmağa layiq deyillər. Yerusəlim şimal qonşusunun sünni cihadçıların və Türkiyənin dəstəklədiyi islamçıların nəzarətinə necə keçməsinə sakit şəkildə tamaşa etməkdə maraqlı deyil.

Tariyel Həsənov
AzVision.az


Teqlər:   Suriya  





Xəbər lenti