ABŞ tarixində ən bahalı seçkilər keçirilib

   ABŞ tarixində    ən bahalı    seçkilər keçirilib
  06 Noyabr 2024    Oxunub:927
Bu il ABŞ prezidentliyinə namizədlərin və qanunvericilərin Konqresin hər iki palatasındakı kampaniyalarına 15,9 milyard dollar xərclənib.
AzVision.az Amerikanın “OpenSecrets” qeyri-kommersiya təşkilatının yaydığı məlumata istinadən xəbər verir ki, builki xərclər 2020-ci il seçki kampaniyalarına ayrılan xərcləri (15,1 milyard dollar) üstələyib. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə, elə bu təşkilatın hesabatına görə, seçki yarışı 6,5 milyard dollara başa gəlib.

“Beləliklə, 2024-cü il prezident seçkiləri ABŞ tarixində ən bahalı seçki oldu”, - Frans Press agentliyi yazır.

“OpenSecrets” təşkilatı demokratların namizədi Kamala Harrisin onun dəstəyi üçün vəsait toplanmasında daha uğurlu olduğunu bildirib.

Böyük Britaniyanın “Financial Times (FT)” qəzetinin hesablamalarına görə, indiki vitse-prezident Kamala Harrisin seçki kampaniyası üçün topladığı 2,3 milyard dollardan çox vəsaitin 1,9 milyard dolları xərclənib.

Donald Tramp isə cəlb etdiyi 1,8 milyard dollardan 1,6 milyard dolları xərcləyib ki, bu vəsaitin də yarıdan çoxu mediada, internetdə və Amerika şəhərlərinin küçələrində - əsasən səsvermənin nəticəsi üçün əsas olan ştatlarda reklam kampaniyalarına xərclənib.

Əməliyyatlar və inzibati xərclər hər iki namizəd üçün ikinci ən böyük xərc olub. Bu Harrisə 250 milyon dollardan az, Tramp üçün isə təxminən 200 milyon dollardan çox başa gəlib.

Maraqlıdır ki, ABŞ-da keçirilən prezident seçkiləri fonunda Amerika dollarının indeksi 0,74% artıb. “Tradingview” analitik platformasının məlumatına görə, Amerika dollarının İndeksi ABŞ valyutasının altı xarici valyutadan ibarət səbətə nisbətini göstərir: avro, Yapon yeni, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankı. İndeks nə qədər yüksəkdirsə, ABŞ valyutası onlara nisbətən bir o qədər güclüdür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   seçkilər   xərclər  





Xəbər lenti