Türkiyə və İranın XİN rəhbərləri mediaya birgə açıqlama veriblər

Türkiyə və İranın XİN rəhbərləri mediaya birgə açıqlama veriblər
  19 Oktyabr 2024    Oxunub:721
“Bildiyiniz kimi, dünən İran, Azərbaycan, Ermənistan və Rusiya Federasiyası xarici işlər nazirlərinin iştirakı ilə 3+3 Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üçüncü iclasına ev sahibliyi etdik. Cənubi Qafqazın gələcəyinə dair son dərəcə səmərəli müzakirələr apardıq. Cənubi Qafqazda əməkdaşlığımızı daha da inkişaf etdirmək istəyirik”.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Arakçı ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.

İranın yeni qurulan hökumətinin ikitərəfli və regional əməkdaşlıqla bağlı müsbət fikirlərini məmnuniyyətlə qarşıladıqlarını qeyd edən Hakan Fidan rəsmi Tehranın qonşuları ilə münasibətlərinə üstünük verən bu baxışını bölüşdüklərini söykəyib.

İranlı həmkarı ilə ikitərəfli münasibətlər və atılacaq addımlar ətrafında fikir mübadiləsi apardıqlarını deyən nazir 2014-cü ildə qurulan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasını daha işlək hala gətirməklə bağlı qərarına gəldiklərini bildirib.

“Xalqlarımızın rifahı naminə ticarət əlaqələrimizi daha da artıra bilərik və Türkiyə olaraq bununla bağlı siyasi iradəmizi ortaya qoymuşuq. Lazımi infrastrukturu yaradaraq sərhədyanı bölgələrimizi ticarət xəttinə çevirmək niyyətindəyik. Yeni sərhəd qapılarının açılması və ya mövcud keçid-məntəqələrinin və yolların yenilənməsi, yollarımızın tutum həcminin artırılması vacibdir. Nəqliyyat, gömrük və sərhədlərin təhlükəsizliyi mövzularında illərdir atılması vacib olan addımlar var və həqiqətən də çox əhatəli fəaliyyət tələb edir. Daha çox gecikmədən qarşılaşdığımız problemləri səmərəli şəkildə həll etməliyik” - deyə nazir bildirib.

“Nüvə enerjisinin mülki məqsədlərlə istifadəsinə qarşı deyilik. Dialoq və danışıqlar yolu ilə nüvə məsələsinə bir həll yolu tapılacağına inanırıq” deyən nazir daha sonra bildirib: “Regionumuzun daha böyük müharibələrlə qarşı-qarşıya olduğu, bu istiqamətdə birgə fəaliyyətin vacibliyi, baş verən bu hadisələrin qlobal səviyyədə daha böyük təsirlərinin ola biləcəyi həqiqətini unutmamalıyıq. Hazırki gərginliyi azaltmaq üçün ilk növbədə İsrail ilə Fələstin arasındakı qarşıdurmanı dayandırmalıyıq”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının (3+3) XİN başçılarının qəbul edildiyini xatırladan nazir bu məsələlərin görüşdə də müzakirə olunduğunu bildirib.

İranın XİN rəhbəri Türkiyə tərəfinə təşəkkür edərək hər iki ölkənin bölgənin ən böyük aktorlarından olduğunu və regionun inkişafı istiqamətində əhəmiyyətli addımlar atdığını bildirib.

Arakçi İstanbulda keçirilən görüşlərdə başda ticarət, terror, enerji, investisiya olmaqla bir çox mövzunun müzakirə olunduğunu qeyd edib. (Azərtac)


Teqlər:





Xəbər lenti