Haiti Fransadan təzminat tələb edir

   Haiti Fransadan    təzminat    tələb edir
  27 Sentyabr 2024    Oxunub:1359
Karib dənizində yerləşən Haiti ada ölkəsi Fransadan Parisin müstəmləkəçilik siyasətinin vurduğu zərərin ödənilməsini tələb edir.
AzVision.az xəbər verir ki, BMT Baş Assambleyasının iclasındakı çıxışında Haitinin Keçid Prezident Şurasının sədri Edqar Leblan Fil Haitini “qaradərililərin dünyada ilk müstəqil dövləti” adlandıraraq, bu ada ölkəsinin Fransa ilə münasibətlərinin tarixindən bəzi məqamları xatırladıb.

1804-cü ildə Fransadan müstəqilliyini elan edən Haiti fransızların onun müstəqilliyini tanıması üçün 1825-ci ildə Parisə nəhəng məbləğdə təzminat ödəməli olub ki, bu da ölkəni “yoxsulluğun amansız burulğanına” salııb. Haiti yalnız 1947-ci ildə həmin “borcu” tam şəkildə ödəyə bilib. Edqar Leblan Fil Parisin bu rəzil hərəkətinin acı nəticələrinin indi də Haiti də hiss edildiyini vurğulayıb.

“Bu borc haitililərin köləlik buxovlarından qurtulduğu cəsarətin cəzalandırılması növü oldu. Bu, ölkənin potensialını bir çox nəsillər üçün boğan ədalətsiz cəza idi. Ödədiyimiz vəsaiti qaytarmağın vaxtı çatmayıbmı? Bu baxımdan, ölkəmiz bir sıra hökumətlər, o cümlədən BMT-nin bəzi qurumları tərəfindən dəymiş ziyanların tanınması, ödənilməsi, habelə təzminatların ödənilməsinə yönəlmiş konkret tədbirlər çərçivəsində irəli sürülmüş təklifləri alqışlayır”, - Haitinin Keçid Prezidemt Şurasının rəhbəri deyib.

Qeyd edək ki, Haitinin Fransadan Karib hövzəsi dövləti üçün təzminat tələb etməsi ilk dəfə deyil. Bu ilin aprel ayında vətəndaş cəmiyyəti qruplarının yerli koalisiyası bildirib ki, Paris haitililərdən aldığı bac-xəracın əvəzində onlara milyardlarla dollar təzminat ödəməlidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Haiti   Fransa   təzminat  





Xəbər lenti