Eldar Mahmudov təhlükədən danışdı

İclasda məruzə ilə çıxış edən nazir Eldar Mahmudov bildirib ki, terrorçuluq, eləcə də onu doğuran təzahürlər, o cümlədən ekstremist və kriminal strukturlar dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhdidlərdir. Regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri tərəfindən təhlükə barədə əldə edilmiş qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsinin mühüm əhəmiyyət daşıyır.
Nazir Eldar Mahmudov MDB iştirakçı dövlətlərin xüsusi xidmət orqanları arasında son dövrlər dinamik surətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirib. O, həmçinin Müşavirənin XIII iclası çərçivəsində aparılmış müzakirələrin əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektivliyinin yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.
Müşavirənin XIII iclasının yekunları üzrə qəbul olunmuş Memorandumda təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri MDB ölkələrinin xarici təhlükəsizliyinə mümkün təhdidlərə qarşı keyfiyyətli və dövrün tələblərinə uyğun mübarizənin aparılması məqsədilə gələcəkdə daha yeni və səmərəli iki və çoxtərəfli qarşılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və genişləndirilməsi işində qətiyyətli olduqlarını bəyan ediblər.