Şahin Mustafayev Özbəkistanda bir sıra görüş keçirib

   Şahin Mustafayev Özbəkistanda bir sıra görüş keçirib
  29 Avqust 2024    Oxunub:1151
Avqustun 29-da Özbəkistan Respublikasının Termez şəhərində "Termez" Beynəlxalq Ticarət Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyində nümayəndə heyəti açılış mərasimində iştirak edib.

Tədbir çərçivəsində Ş.Mustafayev Özbəkistanın Baş naziri Abdulla Aripovla görüşüb. Görüşdə bildirilib ki, Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq münasibətləri bu gün Prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf edir. İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfəri zamanı müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması iki ölkə arasında əlaqələrdə yeni səhifə açaraq onları ən yüksək səviyyəyə qaldırıb. Səfər əsnasında keçirilmiş Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının birinci iclasında qəbul edilən qərarların əhəmiyyəti vurğulanıb, dövlət başçıları tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi üçün iki ölkənin hökumətlərinin səylərinin birləşdirilməsinin zəruriliyi qeyd olunub. Hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair yeni beşillik yol xəritəsinin tərtib edilməsi və imzalanması dövlət başçıları tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdən biri kimi dəyərləndirilib.

Azərbaycan və Özbəkistan tərəfindən müxtəlif sahələrdə, xüsusilə investisiya, sənaye, kənd təsərrüfatı, nəqliyyat, neft-qaz sahələrində həyata keçirilən birgə layihələrin uğurlu nəticələri təqdir edilib. Azərbaycan Prezidentinin səfəri zamanı bir çox yeni istiqamət üzrə birgə layihələrə başlanılmasının əhəmiyyəti vurğulanıb. İki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın inkişaf dinamikasından məmnunluq ifadə olunub, cari ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin 28% artdığı bildirilib. Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilərək, 2024-cü ilin ilk yarısında iki ölkə arasında tranzit daşımaların həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 37% artdığı məmnunluqla qeyd olunub.

Yeni açılan "Termez" Beynəlxalq Ticarət Mərkəzinin ticarət əlaqələrinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Səfər zamanı Şahin Mustafayev həmçinin Əfqanıstanın Baş naziri vəzifəsini icra edən Əbdülğəni Bəradərlə görüşüb. Görüşdə Azərbaycan ilə Əfqanıstanı tarixi və mədəni bağların birləşdirdiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan hər zaman həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində Əfqanıstanda sabitliyin, inkişafın təşviqinə, humanitar məsələlərin həllinə töhfə verib.

İki ölkə arasında ticarət-iqtisadi və sərmayə sahələrində əlaqələrin perspektivləri müzakirə edilib, müvafiq əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olunub.

Tərəflər həmçinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirərək, "Lapis-Lazuli" beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin önəmini qeyd etdilər. "Termez" Beynəlxalq Ticarət Mərkəzinin açılmasının Əfqanıstanla da ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə edilib.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan   Özbəkistan   Əfqanıstan  





Xəbər lenti