Kurska hücum müharibədə vəziyyəti dəyişəcəkmi?

   Kurska hücum müharibədə vəziyyəti dəyişəcəkmi?
  15 Avqust 2024    Oxunub:1434
Amerikanın Müharibənin Tədqiqatı İnstitutunun (ISW) analitikləri Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində1000 km² əraziyə nəzarət etməsi barədə bəyanatının doğruluğunu şübhə altına alıblar.
AzVision.az xəbər verir ki, ISW Ukrayna qüvvələrinin təxminən 800 kvadrat kilometr irəlilədiyinə dair bəyanatları gördüyünü bildirsə də, onların Ukraynanın maksimum irəliləyişləri çərçivəsində bütün ərazilərə nəzarət etdiyi barədə iddialarına inanmır.

“Bundan əlavə, Ukrayna KİV-lərinin Kursk vilayətinə hücumun cəmi bir neçə günü ərzində Ukrayna ordusunun bu ilin əvvəlindən Rusiya qoşunlarının Ukraynada tutduğundan daha çox ərazini ələ keçirməsi barədə bəyanatlarla da razı deyilik. Bizim hesablamalara görə, bu ilin yanvar-iyul aylarında Rusiya ordusu Ukraynada 1175 km² ərazini, o cümlədən Donetsk vilayətində rusların ukraynalıların istehkamlarını yardığı zonaları və Xarkov vilayətinin təkrar işğalı nəticəsində tutduğu əraziləri işğal edib”, - institutun hesabatında deyilir.

İSW öz mövqeyini, həmçinin Kursk vilayətinin başçısı Aleksey Smirnovun bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ukrayna ordusunun 40 km² enində və 12 km² dərinlikdə sərhəd zolağında regionun 28 yaşayış məntəqəsini tutduğunu bildirməsi ilə əsaslandırıb. Ukrayna ordusunun hansı dərinliyə irəliləməsi məsələsinə gəldikdə, İSW Smirnovun bu rəqəmi xeyli kiçiltdiyini vurğulayır. Belə ki, geolokasiya videoları Ukrayna bölmələrinin, məsələn, sərhəddən 20 km aralıda yerləşən Korenevo regional mərkəzinin şərqində olduqlarını göstərir.

- Ukraynanın Kursk kampaniyası Rusiya ilə müharibənin öz trayektoriyasını dəyişə biləcək əsas məqamdır. Müharibənin təbiəti dəyişir və bu, dünyada gələcək bütün münaqişələrə təsir göstərəcək. Kursk vilayətinin işğalı zamanı Rusiyanın sərhədyanı bölgələrində hazırlığın olmamasından istifadə edən Ukrayna əməliyyat sürprizi sərgilədi. Bu kampaniya göstərdi ki, düşmənin hazırlıqlarını və qüvvələrin cəmləşməsini müşahidə edə bildiyi, lakin niyyətini etibarlı şəkildə aydınlaşdıra bilmədiyi müasir şəraitdə sürpriz hələ də mümkündür”, - İSW-nin analitikləri deyiblər.

Onların fikrincə, Ukrayna rus qoşunlarının arxada böyük istehkamlar tikməkdənsə, demək olar ki, bütün cəbhə xətti boyu aylarla hücum etməsi faktından faydalana bilər. Kiyev bir həlledici zərbə endirməkdənsə, bir sıra kiçik, ardıcıl əks-hücumları planlaşdırıb həyata keçirməklə özünün əməliyyat manevrini bərpa edə bilər. ISW ekspertləri onu da bildiriblər ki, Ukraynadakı müharibə ABŞ və onun müttəfiqlərinin öyrənməli olduğu mühüm dərslər verir.

“Bu münaqişə, şübhəsiz ki, gələcək müharibələri xarakterizə edəcək bir sıra texnoloji hadisələrin şahidi olan ilk böyük müharibəyə çevrildi. Xüsusilə, raket və pilotsuz təyyarələrin kütləvi və müntəzəm hücumlarına qarşı hava hücumundan müdafiənin işi, limanda və dənizdə əsas yerüstü hədəfləri məhv etmək üçün müxtəlif tipli, o cümlədən dəniz qüvvələrinin pilotsuz təyyarələrinin kütləvi şəkildə cəlb olunması diqqətəlayiq məqamlardır”, - hesabatda deyilir.

Bu baxımdan, Kursk vilayətində həyata keçirildiyi kimi döyüş meydanında təcrübələrin vacib olduğu vurğulanır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ISW   Kursk   hwcum  





Xəbər lenti