"Seçkilərin Qarabağda keçirilməsi qürurlandırır" - Məşhurlar

   "Seçkilərin Qarabağda keçirilməsi qürurlandırır" -   Məşhurlar
  14 Avqust 2024    Oxunub:1735
Sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Azərbaycan ilk dəfədir ki, parlament seçkilərinə ərazi bütövlüyünü tam bərpa etmiş dövlət kimi gedir. Üstəlik builki seçkilərin Qarabağda keçirilməsi müstəqil Azərbaycanın tarixində bir ilkdir.
AzVision.az Qarabağdan olan tanınmışların seçki ilə bağlı fikirlərini öyrənib.

Xalq artisti, xanəndə Mənsum İbrahimov bildirib ki, 30 ildən sonra azad olunmuş ərazilərdə parlament seçkilərinin keçirilməsi böyük qürur hissidir:

"Bu, bizim müstəqilliyimizin tam bərpası deməkdir. Ali Baş Komandanımıza, müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə borcluyuq. Onların sayəsində bu gün zəfər hissini yaşayırıq. Hər birimiz qalib dövlətin sakinləriyik. Bir vətəndaş, sənətkar, qarabağlı kimi çox sevinirəm.

Bu, həm də bütün dünyaya siyasi mesajdır ki, artıq Qarabağın sahibi qayıtdı və əbədi burada yaşayacaq. Artıq heç bir qüvvə bu torpağı bizdən qopara bilməz. Məhz birliyimizin sayəsində tarixi torpaqlarımızı qaytardıq. Var olsun Azərbaycanımız! Bayrağımız hər zaman zirvədə dalğalansın!".

Xalq artisti Nəzakət Teymurova isə qeyd edib ki, azad olunmuş torpaqlarda seçkilərin keçirilməsi hamını sevindirir:

"Arzu edərdim ki, seçiləcək deputatlar xalqımıza qəlbən yansınlar. O torpaqların nə vaxtsa qayıdacağı, o yerlərdə seçkilərin keçiriləcəyi yuxumuza da gəlməzdi. Namizədlərə uğurlar arzulayıram. Həmişə xalqın, millətin yanında olsunlar".

Xanəndə və opera müğənnisi Aygün Bayramova da Qarabağda parlament seçkilərin keçirilməsinə sevindiyini bildirib:

"Şuşada, Ağdamda, Laçında, ümumiyyətlə işğaldan azad olunmuş torpaqlarda görülən bərpa işlərindən qürurlanırıq. Buna sevinməyən ancaq düşmənlərimiz ola bilər. Mən də ağdamlı kimi çox şadam ki, seçkilər doğma torpaqlarımızda da keçiriləcək".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: parlamentseçkiləri   xanəndə   müğənni  





Xəbər lenti