Ukrayna Rusiya sərhədində yeni “yumruq” yaradır
Kursk vilayətində isə sərhədyanı ərazilərdə ağır döyüşlər səngimir. Ukrayna Silahlı Qüvvələri Lqov və Rılsk şəhərlərinin sərhədlərinə çatmağa çalışır. Rusiya ordusu yola nəzarəti itirsə, E98 magistralında sonuncu məskunlaşan ərazi ilə əlaqə kəsilə bilər.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov isə regional səviyyəli fövqəladə vəziyyət rejimi elan edib. Onun sözlərinə görə, gələcəkdə regional hakimiyyət vilayətdə federal səviyyəli fövqəladə vəziyyət elan olunması üçün hökumət komissiyasına müraciət etməyi planlaşdırır.
Bu arada “Forbs” nəşri Ukrayna aviasiyasının Kursk vilayətindəki döyüşlərə qoşulduğunu yazıb. Məlumatda Ukrayna qoşunlarının cəbhə xəttindən bir neçə kilometr şimalda yerləşən Tetkinodakı Rusiya komandanlıq məntəqəsini vurduğu bildirilir. Ehtimal olunur ki, məntəqəyə hücumu bu yaxınlarda Ukraynaya verilmiş F-16-lardan biri yox, köhnəlmiş Su-27 təyyarəsi həyata keçirib.
“Kursk bölgəsində aviasiya üçün əhəmiyyətli dərəcədə risk var. Sosial şəbəkələrdə yer alan məlumatlara görə, Ukrayna ordusu radio siqnallarını batıran, hətta bəzi hallarda peyklə idarə olunan bombalar ata bilən xeyli sayda hava hücumundan müdafiə batareyaları və elektron tıxaclar yaradıb”, - nəşr yazır.
Bəzi mənbələr ərazilərin mümkün işğaldan müdafiəsi üçün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının cəbhənin digər sektorlarında yerləşdirilən bir sıra bölmələrin köçürülməsi imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirirlər.
Sahil İsgəndərov
AzVision.az