Estoniyada həbsxana icarəyə verilə bilər

   Estoniyada həbsxana    icarəyə    verilə bilər
  13 Avqust 2024    Oxunub:817
Penitensiar sistemdə xərclərin azaldılması üçün Estoniyanın Ədliyyə nazirliyi həbsxanalardan birini icarəyə verməyi təklif edib.
AzVision.az Estoniyanın “ERR” nəşrinə itinadən xəbər verir ki, Estoniyanın Ədliyyə naziri Liyza Pakosta penitensiar sistemin xərclərinə qənaət etmək naminə ölkədə əcnəbi məhbuslar üçün nəzərdə tutulmuş həbsxanalarından birini satmağı, fəaliyyətini dondurmağı və ya icarəyə verməyi təklif edib.

“Biz həbsxanalardan birini satacağıq, onun fəaliyyətini dayandıracağıq, icarəyə verəcəyik və hətta obrazlı desək, Airbnb (ailələrin qısa və ya uzun müddətli istirahəti üçün nəzərdə tutulan məkanların servisi) edəcəyik. Həbsxananın satışı binaların oxşar daxili arxitekturasına görə onu sosial evə və ya mehmanxanaya çevirmək öhdəliyi əsasında həyata keçirilə bilər”, - estoniyalı nazir vurğulayıb.

Bundan əvvəl Estoniyanın Ədliyyə nazirliyinin mətbuat katibi Taavi Siru bəzi ölkələrin Estoaniyadakı həbsxanaları icarəyə götürməkdə maraqlı olduqlarını, lakin respublika hökumətinin hazırda boş kameralarla bağlı planları olmadığını bildirib. Bunun üçün dövlət əvvəlcə bir çox hüquqi nüansları həll etməli olacaq.

“ERR” nəşrin məlumatına görə, hazırda Estoniyada üç həbsxana var, onlardakı yerlərin ümumi sayı 3334 nəfər üçün nəzərdə tutulub, 2023-cü ilin sonunda isə həbsxanalarda cəmi 1841 məhbus olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Estoniya   həbsxana   icarə  





Xəbər lenti