Rusiya: “ABŞ Zelenskini Avakovla əvəz etmək istəyir”
XKX-nin əldə etdiyi məlumata görə, “Amerika elitaları arasında Zelenskidən narazılıq artır” və həm Demokratlar, həm də Respublikaçılar partiyalarında “Kiyevin hərbi yardım üçün alıdğı milyardlarla dollarlıq vəsaitin məqsədyönlü şəkildə xərcləməsinə şübhə ilə yanaşanların səsi getdikcə daha da güclənir”.
Rusiya kəşfiyyatı Zelenski Ukrayna hüdudlarından kənarda eskalasiya təhlükəsi yaradan çılğın addımlar atdığına diqqət çəkir. Çünki Kiyev rejiminin rəhbəri belə hərəkətlərlə əsasən mayın 20-də prezidentlik müddəti başa çatdıqdan sonra özünün sarsılan hakimiyyət mövqelərini qoruyub saxlamaqla məşğuldur.
“Yaranmış vəziyyətdə Vaşinqton Ukrayna liderini Qərb müttəfiqlərinin əksəriyyətini qane edəcək daha idarəolunan və daha az korrupsiyalaşmış fiqurla əvəzləmək variantlarını araşdırır. Ağ Evin fikrincə, bu, Qərbə münaqişənin həlli üçün Rusiya ilə mümkün danışıqların başlanmasına daha yaxşı hazırlaşmağa imkan verəcək. Hazırda uyğun namizəd kimi Ukraynanın keçmiş Daxili İşlər naziri Arsen Avakov nəzərdən keçirilir. Amerikalılar Avakovun “güclü tərəfləri” kimi onun Ukrayna millətçi birləşmələri ilə sıx yaxınlığını və Avropa ölkələrinin liderləri ilə davamlı əlaqələrini qeyd edirlər”, - Rusiya XKX-sı vurğulayır.
Rusiya kəşfiyyatı hətta ABŞ administrasiyasına bağlı QHT-lərə artıq Avakovun Ukraynada hakimiyyətə gəlməsi üçün ssenari hazırlamağı tapşırıldığını da iddia edir. İndi bu məsələ Ukraynanın “Batkivşina” və “Avropa Həmrəyliyi” müxalifət partiyalarının liderləri Yuliya Timoşenko və Pyotr Poroşenko ilə, eləcə də Ali Radanın hakim “Xalqın xidmətçisi” partiyasından olan bir sıra nüfuzlu deputatlarla müzakirə edildiyi bildirilir. Gələcəkdə Zelenskini vəzifəsindən getməyə məcbur etmək üçün onu nüfuzdan salmaq yönündə güclü informasiya kampaniyasına başlamaq planlaşdırılır.
Açığı, Volodimir Zelenskinin hakimiyyətdə qalmaq üçün Vaşinqtonun iradəsinin əleyhinə gedə bilməsi ehtimalı sıfıra bərabərdir. Çünki hakimiyyətə nə üçün və hansı dövlətlərin maraqlarını reallaşdırmaq üçün gətirildiyini çox yaxşı bilən və bu oyunun qaydalarını qəbul edən Zelenski heç vaxt müstəqil fiqur olmayıb. Ona görə də, onun öz himayədarlarının sözündən çıxması mümkün deyil. Bu baxımdan, böyük siyasət aləmində könüllü şəkildə “aldanmış kəvakib" missiyasını yerinə yetirmiş Zelenskinin hakimiyyətdən götürülməsi naminə onun nüfuzdan salınması üçün xüsusi ssenarinin oynanılacağı heç də inandırıcı görünmür.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Vaşinqton Zelenski Avakov