Roma və Börn Moskvaya çağırış ediblər

   Roma və Börn Moskvaya çağırış ediblər
  13 Avqust 2024    Oxunub:877
İtaliyanın və İsveçrənin Xarici İşlər nazirləri Antonio Tayani və İnyatzio Kassis “bütün tərəflərin iştirakı ilə” ikinci qlobal sülh sammitinin keçirilməsinə çağıran birgə bəyannamə imzalayıblar.
AzVision.az xəbər verir ki, bəyannamədə "Rusiyanın Ukraynaya qarşı təcavüzündən dərin narahatlıq hissi” keçirdiklərini vurğulayan İtaliyanın və İsveçrənin Xarici İşlər nazirləri bu təcavüzün “kütləvi dağıntılara və ölçüyəgəlməz iztirablara səbəb olmaqda davam etdiyinə” diqqət çəkiblər.

Onlar nüvə və ərzaq təhlükəsizliyinin təminatı, habelə bütün hərbi əsirlərin dərhal azad olunması və deportasiya edilmiş ukraynalı azyaşlıların və mülki şəxslərin geri qaytarılmasına başlamaq çağırışlarının səsləndirildiyi ilk sülh sammitinin nəticələrini xatırladıblar.

- Sülhün bütün maraqlı tərəflərin iştirakını və onlarla dialoqu tələb etdiyinə əmin olaraq, nazirlər bütün tərəflərin, o cümlədən Rusiyanın və bütün qlobal oyunçuların iştirakı ilə ikinci sülh sammitinin keçirilməsi üçün ən yaxşı şəraitin yaradılmasında əməkdaşlıq məqsədilə sıx əlaqə saxlamağa razılaşıblar”, - bəyannamədə deyilir.

Tayani və Kassis, həmçinin “beynəlxalq hüquqa və BMT Nizamnaməsində təsbit olunmuş dövlətlərin ərazi bütövlüyü və müstəqilliyi prinsiplərinə hörmət əsasında birgə danışıqlar platforması” yaratmağa çağırıblar.

Amma öz şərtləri çərçivəsində sülh danışıqları barədə bu il iyun ayının ortalarında Kiyevə təkliflərini açıqlayan Moskvanın Kursk hadisələrindən sonra ikinci beynəlxalq sülh sammitində iştirak etməyə razılaşacağı inandırıcı görünmür. Rusiya prezidenti Vladimir Putinin Təhlüəsizlik Şurasının, hökumətin, Prezident administrasiyasının üzvlərinin, güc strukturlarının, habelə Belqorod, Bryansk və Kursk vilayətlərinin rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirədə dedikləri belə düşünməyə əsas verir.

“Sülh yolu ilə nizamlanma planına qayıtmaq təkliflərimizdən, eləcə də maraqlı və neytral vasitəçilərin təkliflərindən Kiyev rejiminin niyə imtina etdiyi indi aydın olur. Görünür, düşmən öz qərbli ağalarının köməyi ilə onların iradəsini həyata keçirir və ukraynalıların köməyi ilə Qərb bizimlə vuruşur - və beləliklə, görünür, düşmən gələcəkdə danışıqlarda mövqelərini yaxşılaşdırmağa çalışır. Heç bir fərq qoymadan mülki əhaliyə, mülki infrastruktura zərbələr endirən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan insanlarla hansı danışıqlardan danışa bilərik? Onlarla nə danışa bilərsən?”, - Rusiya prezidenti ritorik sualla müraciət edib.

İtaliyanın və İsveçrənin Xarici İşlər nazirlərinin imzaladıqları birgə bəyannamə ilə Rusiya prezidentinin sülh danışıqları barədə verdiyi pessimist bəyanatın vaxt baxımından üst-üstə düşməsi heç də təsadüfə bənzəmir. İstisna deyil ki, Moskva ikinci qlobal sülh sammitinin təşəbbüskarlarına Putinin bəyanatı vasitəsi ilə özünün rədd cavabını çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İtaliya   İsveçrə   Rusiya  





Xəbər lenti