Annalena Berbok Putini ittiham edib

   Annalena Berbok Putini ittiham edib
  06 Avqust 2024    Oxunub:1109
Rusiya nüvə başlığı daşıya bilən, qadağan olunmuş raketlər hazırlayaraq, onları Kalininqrad vilayətində yerləşdirib.
AzVision.az xəbər verir ki, Almaniyanın Xarici İşlər naziri Annalena Berbok Moskvanın ünvanına belə ittiham səsləndirib.

“Rusiya çoxdan bu müharibəyə (Ukraynada) hazırlaşırdı. Bu illər ərzində o, tərksilah müqavilələrini əvvəlcə pozub, sonra isə onu pisləyib. O, nüvə yükü ilə təchiz oluna bilən qadağan olunmuş silah hazırlayıb və onu Berlindən 600 kilometrdən də az məsafədə, Kalininqradda yerləşdirdi. Bununla bağlı Almaniya öz təhlükəsizliyinə və gücünə sərmayə qoymalıdır ki, bu da uzaq mənzilli Amerika silah sistemlərinin yerləşdirilməsi barədə qərarı da əhatə edir. Rusiyaya qarşı etibarlı bir maneəyə ehtiyacımız var və bu polyakları, Baltikyanı ölkələri və finləri də qorumağa kömək edəcək”, - Berbok “Bild” nəşri üçün yazdığı məqalədə vurğulayıb.

Xanım Berbokun bu məqaləsi əslində iyul ayında Pentaqonun ABŞ-nin 2026-cı ildə Almaniyada uzaq mənzilli zərbə sistemləri yerləşdirəcəyi barədə açıqlamasının məntiqi davamıdır. Sözügedən sistemlərə “SM-6” zenit raketləri, “Tomaqavk” tipli qanadlı raketlər və eksperimental qeyri-nüvə hipersəs silahları daxildir.

Almaniya kansleri Olaf Şolz bu qərarı ölkənin təhlükəsizliyini təmin etmək və “müharibənin qarşısını almaq” tədbirləri ilə əsaslandırıb. Eyni zamanda o, Ukraynada münaqişənin gərginləşməsini və Almaniyada Amerika silahlarına görə Rusiya ilə NATO arasında qarşıdurmanı istisna edib.

Almaniyanın Müdafiə naziri Boris Pistorius isə bildirib ki, söhbət “adi silah sistemlərindən” gedir və onların quraşdırılması Rusiyanın Kalininqrad vilayətində “İsgəndər” operativ-taktiki raket kompleksləri yerləşdirməsinə cavabdır.

“Deutsche Welle” telekanalının dediyinə görə, Birləşmiş Ştatlar hipersəs silahlarını Almaniyaya ötürsə, o zaman Soyuq müharibədən sonra ilk dəfə Rusiyada hədəfləri vura bilən silah sistemləri ölkə ərazisində peyda olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Berbok   Rusiya   raketlər  





Xəbər lenti