Monteneqro-Azərbaycan biznes forumu keçirilib
Forumda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkələrimiz arasında əlaqələrin dostluq və əməkdaşlıq ruhunda daim inkişaf etməkdə olduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun əlaqələrimizin gələcək inkişafı üçün mühüm önəmini qeyd edib. Azərbaycanın Monteneqroda əsas investorlardan biri olduğunu bildirən nazir, ölkələrimizin enerji və nəqliyyat sektorlarında, eləcə də ticarət sahəsində istifadə olunmamış böyük əməkdaşlıq potensialının mövcudluğunu vurğulayıb.
Tədbirdə Monteneqro Hökumətinin iqtisadi siyasət üzrə Baş nazirinin müavini, iqtisadi inkişaf naziri Nik Celoşay ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının əsas məqsədlərdən olduğunu diqqətə çatdırıb. Bu prosesdə təşkil olunan biznes forumların rolu qeyd edilib. Baş nazirin müavini turizm, nəqliyyat-logistika və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərini yüksək qiymətləndirib.
Biznes forumda AZPROMO, Monteneqro İqtisadiyyat Palatası və Monteneqro İnvestisiya Agentliyinin nümayəndələri tərəfindən hər iki ölkənin investisiya mühitinə, o cümlədən reallaşdırılan perspektivli layihələrə dair təqdimatlar keçirilib.
Forum B2B formatda görüşlərlə davam edib.
AzVision.az
Teqlər: