“Euronews” Azərbaycandakı mina konfransından yazdı
Bildirilib ki, konfransda 75 ölkədən 300-dən çox nümayəndə minaların və müharibənin digər partlayıcı qalıqlarının ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi barədə müzakirələr aparıblar.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Euronews”a açıqlamasında deyib ki, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə və minalardan təmizləmə laboratoriyasıdır. O, bildirib ki, Azərbaycan bu sahədə xüsusi bilik və təcrübə əldə edib. Prezidentin köməkçisinin sözlərinə görə, minatəmizləmə layihəsi başa çatdıqdan sonra Azərbaycan da qlobal miqyasda digər humanitar minatəmizləmə layihələrinə töhfə vermək imkanına malik olacaq.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsi Alessandra Rokkasalvo minaların həqiqətən insanlığa qarşı cinayət olduğunu deyib: “Əgər okeanda bir plastik torba varsa, onun yox olması üçün 200 il lazımdır. Minalarda isə bu heç vaxt olmur və minalar ətraf mühiti çirkləndirməyə davam edir”.
“Sülhün kökləri” (Roots of Peace) humanitar təşkilatının təsisçisi və rəhbəri Haydi Kün isə bir minanın partlaması üçün təxminən 3,5 - 4 kiloqramlıq çəkinin yetərli olduğunu deyib: “Bu, yeni doğulmuş uşağın orta çəkisidir. Ona görə də bir ana və nənə kimi hesab edirəm ki, bu, Qarabağın ürəyindən dünyaya qlobal bir çağırışdır”.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədr müavini Samir Poladov trotilin parçalanması zamanı yaranan maddələrin torpaq və yeraltı suların çirklənməsinə səbəb olduğunu deyib: “Bundan əlavə, hər bir mina partlayışından sonra karbon qazı emissiyaları da böyükdür. Belə ki, bir tank əleyhinə mina partladıqdan sonra 29 kq karbon qazı ətrafa yayılır”.
Konfransda həmçinin humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsinə çağırışlar səslənib.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib ki, donor cəmiyyətlər bəzi vəsaitlərin ayrılmasına, xüsusən də bundan daha çox təsirlənən ölkələrə daha çox diqqət yetirməlidir. O bildirib ki, bu problemi qlobal miqyasda həll etmədən ayrı-ayrı ölkələrdə bununla məşğul olmaq mümkün deyil:
“18-ci Dayanıqlı İnkişaf Məqsədi olan humanitar minatəmizləmə proqramını təqdim etməklə Azərbaycan bu məsələyə milli səviyyədə öz töhfəsini verdi”.
AzVision.az
Teqlər: