PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü başa çatıb - FOTOLAR - YENİLƏNİB

PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü başa çatıb -  FOTOLAR - YENİLƏNİB
  13 May 2024    Oxunub:1082
Elm və Təhsil Nazirliyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans "PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər" mövzusuna həsr olunub.
AzVision.az xəbər verir ki, açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq konfransın əhəmiyyətindən söz açıb. Nazir bildirib ki, bu tədbir bizə PISA qiymətləndirmələrinin ICESCO-ya üzv olan dövlətlər üçün vacibliyini müzakirə etmək imkanı yaradır.

Təhsilin qiymətləndirilməsi və siyasətin hazırlanması üçün vahid qiymətləndirmənin effektiv olduğunu deyən Emin Əmrullayev konfransda aparılan fikir mübadilələrinin cəmiyyətlərin gələcək təhsil həyatına töhfə verəcəyinə inamını ifadə edib.

Emin Əmrullayev vurğulayıb ki, tədbirin məqsədlərindən biri də islam ölkələri tərəfindən şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı beynəlxalq tədqiqatın təşkili prosesində Azərbaycanın vasitəçiliyini təmin etməkdir. Nazir ölkəmizin illərdir ki, şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsində iştirak etdiyini və bunun həm təhsilin keyfiyyətinin, həm də rəqabətliliyin artırılması üçün önəmli olduğunu bildirib.

Açılış mərasimində çıxış edən ICESCO-nun Baş katibi Salim bin Məhəmməd əl-Malik bildirib ki, bu konfrans 2022-ci il noyabrın 9-da ICESCO-nun mənzil-qərargahında keçirilən birinci konfransın uğuruna əsaslandığı üçün böyük əhəmiyyət kəsb edir. Baş katib əlavə edib ki, hazırkı konfrans qlobal mühitdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində üzərimizə götürdüyümüz öhdəliyin sübutudur.

Daha sonra konfransa onlayn qoşulan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer konfransın təşkili üçün Azərbaycana təşəkkür edib.

PISA tədqiqatının nəticələrindən danışan Andreas Şleyxer qeyd edib ki, şagirdlər üçün məktəbləri daha uzun müddət açıq saxlamaq, rəqəmsal distraktorları məhdudlaşdırmaq, şagirdlərin öyrənmə prosesində valideynlərlə tərəfdaşlığı gücləndirmək, təhsildə təbəqələşmənin qarşısını almaq, müəllimlərin inkişaf və tədris materiallarını ehtiyaclara uyğunlaşdırmaq, məktəblərdə tədrisin keyfiyyət təminatını yaxşılaşdırmaq pandemiyadan sonra daha çox gündəmdə olmalıdır.

Konfransda OECD-nin nümayəndəsi Maykl Vord “PISA 2022 nəticələrinə ümumi baxış: qlobal və regional trendlər” mövzusunda təqdimatla çıxış edib.
Konfransın ilk günü “Şagird nailiyyətləri: riyaziyyat, oxu və təbiət elmləri sahəsində şagirdlər nələr edə bilərlər?”, “Məktəb mühitinin şagirdlərin öyrənmə prosesinə dəstəyi”, “Müəllimlər üçün metodiki vəsait və peşəkar inkişaf təlimlərinin şagird nailiyyətlərinə təsiri” mövzularında panel sessiyaları keçirilib.

Sessiyalar çərçivəsində beynəlxalq nəticələr və ICESCO üzrə iştirakçı ölkələrin nəticələrinin müqayisəli təhlili, PISA-nın Azərbaycan üzrə nəticələri, onların qərarvermədə təsiri, gələcəyin bacarıqları və digər mövzularda interaktiv müzakirələr aparılıb. Müzakirələr zamanı ölkəmizin beynəlxalq qiymətləndirmələrdə aktiv iştirakı qeyd edilib. Əlavə olaraq bildirilib ki, islam ölkələri arasında şagirdlərin qiymətləndirmə çərçivələrinin hazırlanması nəzərdə tutulur və Azərbaycan bu prosesə öz dəstəyini göstərəcək.

Konfrans mayın 14-də işini davam etdirəcək.

* * *

09:42
Bakıda PISA üzrə II ICESCO Nazirlər Konfransı işə başlayıb.
Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub.

Konfransa Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Latviya, Nigeriya, Malayziya, Mərakeş, Bruney-Darüssəlam, Livan, Oman Sultanlığı, Qambiya və digər ölkələrdən 40-dan çox nümayəndə qatılıb.

Konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna biləcək əsas məqamları və ən yaxşı təcrübələri müəyyənləşdirməkdir.

AzVision.az

Qalereya




Teqlər: ICESCO   konfrans  





Xəbər lenti