Marneuli “Vikipediya” klubunun üzvləri Azərbaycana aid yüzlərlə məqalə yaradıblar
16 Aprel 2024
Oxunub:955
Bu günlərdə Gürcüstanın Marnueli rayonunda “İnkişaf və Təhsil Mərkəzi” və “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin, “Qorqud” Vikipediya Metodik Klubunun birgə təşkilatçılığı ilə yeni təlimlərə start verilib.
Bunu “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib. O deyib: “Təlimlər öz müsbət nəticələri ilə davam edir. Təlimlərdə iştirak edən könüllülər Marneuli “Vikipediya” klubunun sıralarına qoşulurlar. Onlar böyük həvəslə Azərbaycana aid məqalələrin yenilənməsində fəal iştirak edirlər. Əsas məqsəd gənclərimizin bu istiqamətdə fəallığını təmin etməkdir. Bu günə qədər klubun üzvləri Azərbaycana aid yüzlərlə məqalə yaradıb və əsaslı mənbələrlə zənginləşdiriblər. Müvafiq proses davamlı olacaq. Bu uğurların əldə edilməsində Marneuli şəhərində fəaliyyət göstərən “İnkişaf və Təhsil Mərkəzi”nin sədri Emin Əhmədovun və “Vikimedia”nın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mehman İbrahimovun xüsusi xidmətləri var. Hər iki şəxs komandanın güclənməsində əvəzsiz işlər görürlər”.
E.Eltürk qeyd edib ki, sonda könüllülər “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən diploma layiq görüləcəklər. AzVision.az