Gənclər Ukraynadakı müharibədən istifadə edib hansı fırıldağa əl atır?

 Gənclər Ukraynadakı müharibədən istifadə edib  hansı fırıldağa əl atır?
  09 Aprel 2024    Oxunub:1239
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov bildirib ki, növbəti illərdə Ukraynada təhsil alan tələbələr üçün güzəştlər tətbiq edilməyəcək. Onun sözlərinə görə, bəzi tələbələr orada olan müharibəni bəhanə edərək yenidən Azərbaycana qayıtmaq üçün transfer istəyirlər. T.Əhmədov bəzi təhsil şirkətlərinin insanları yanlış yönləndirdiyini də vurğulayıb.
Mövzu ilə bağlı AzVision.az -a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycandan kənarda təhsil alan tələbələrin sayı 45 min nəfərdir:

"Onun 25 minə qədəri qardaş Türkiyədə təhsil alır. Xarici ölkələrə gedənlərin böyük əksəriyyəti Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplamayan abituriyentlərdir. Ukraynadakı hərbi vəziyyətdən istifadə edərək oraya oxumağa gedənlər var. Onlar sonradan Azərbaycana köçürmə etmək istəyirlər. Köçürmə qaydalarında isə dəyişiklik olunub. Attestatla, hansısa bir beynəlxalq imtahanla gedənlər bilməlidirlər ki, onların Azərbaycana köçürülməsi olmayacaq. Şirkətlər kommersiya şirkətləridir və heç kimi zorla aparmırlar".

Ekspert qeyd edib ki, bu məsələdə heç bir şirkət günahkar kimi ittiham olunmamalıdır:

"Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin təhsil almaq hüququ var. Bəzi abituriyentlər Azərbaycanda deyil, xaricdə təhsil almaq istəyirlər. Ukraynada təhsil almaq normal yollarla mümkün deyil.

Türkiyədə isə bu mümkündür. Ona görə də xaricdə təhsil almaq istəyirlərsə, oradakı universitetlərdə oxuya bilərlər. Türkiyədə digər yollarla diplom almaq, qiymət yazdırmaq olmur.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu məsələdə böyük məsuliyyət daşıyır. Agentlik diqqətə çatdırmalıdır ki, bəzi xarici universitetlərdə oxuyanların diplomunun ölkədə tanınması ilə bağlı problemlər ola bilər. Elə etmək lazımdır ki, həmin insanlar həm vaxt, həm də pul itirməsin.

İttiham etmək asandır. Bu problemin həlli üçün yeganə çıxış yolu düzgün maarifləndirmə işinin aparılmasıdır".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti