Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhid və qazi analarının iştirakı ilə tədbir keçirilib

Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhid və qazi analarının iştirakı ilə tədbir keçirilib
  02 Mart 2024    Oxunub:1127
Martıq 2-də "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları, Vətən müharibəsi şəhidləri və qazilərinin anaları, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Dövlət Himni səsləndirilib, Vətən torpaqlarının düşmən işğalından azad edilməsi uğrunda döyüşlərdə canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şirasının üzvü Zərifə Quliyeva və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev çıxış edərək 2020-ci ilin payızında xalqımızın əldə etdiyi möhtəşəm Zəfərin qazanılmasında torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhidliyə ucalan cəsur və igid döyüşçülərin, onları bu dünyaya bəxş edən anaların övladlarına aşıladıqları yurd, vətən, torpaq məhəbbətini, bu torpağın hər qarışını qanla suvaran qəhrəman oğullarının analarının hər cür hörmət və ehtirama layiq olduqlarını önə çəkiblər. Onlar xalqımızın hərb tarixində qazanılan ən böyük qələbənin qazanılmasında Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulayıblar.

Tədbirdə Milli Məclisin deputatları Jalə Əliyeva, Aydın Mirzəzadə və Vüqar İsgəndərov öz çıxışlarında qadın əməyinin, ana zəhmətinin müqəddəsliyini, cəmiyyətimizdə onların xüsusi rolu və yeri olduğunu diqqətə çatdırıblar.

Yazıçı-publisist Şərəf Cəlilli, "Dayaq" Təşkilatının sədr müavini Məcid Məmmədov, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri Zamin Zeynal və başqaları çıxış edərək anaları təbrik ediblər.

Vətən müharibəsi şəhid və qazilərinin anaları ürək sözlərini ifadə ediblər.

Çıxışlardan sonra tədbirin bədii hissəsində incəsənət ustalarının ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

Tədbirdə iştirak edən 100-dən çox şəhidin anasına, həyat yoldaşına və onların ailə üzvlərinə Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyələr təqdim edilib.

AzVision.az


Teqlər: tədbir   qadınlar-günü   şəhid-ailələri  





Xəbər lenti