Bayden Navalnının yoldaşı və qızı ilə görüşdü - FOTO/VİDEO
ABŞ Prezidenti mərhum Aleksey Navalnının vəfatı ilə bağlı onlara başsağlığı verib. Navalnının "fövqəladə cəsarətinə, korrupsiyaya qarşı, azad və demokratik Rusiya uğrunda mübarizə irsinə" heyranlığını dilə gətirib.
Ağ Evin yaydığı fotolarda Baydenin Yuliya Navalnını qucaqladığı, Stenford Universitetinin tələbəsi Daşa ilə söhbət zamanı isə ona təzimlə yanaşdığı görünür.
Görüşün yekununda prezident xanımlara "onlarda Navalnının cəsarətini duyduğunu" söyləyib. Yuliya da, öz növbəsində, mərhum ərinin "Rusiya Prezidenti Vladimir Putinə qarşı mübarizəsini" davam etdirəcəyinə söz verib.
Xatırladaq ki, Aleksey Navalnı fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki "Qütb bayquşu" cəzaçəkmə koloniyasında ölüb. Avropa və ABŞ rəsmiləri, habelə Rusiyanın müxalifət nümayəndələri onun ölümündə Kremli və birbaşa Vladimir Putini günahlandırıb. Bir sıra Avropa ölkəsi və ABŞ bu hadisəyə cavabən Rusiyaya qarşı yeni sanksiyalar irəli sürüb.
Kreml Navalnının ölümündə Putinin iştirakı ilə bağlı Qərbin iddialarını "yolverilməz" adlandırıb.
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ Rusiya Bayden Navalnı görüş