The Sun: Britaniya ballistik raketin uğursuz sınaq buraxılışını edib

      The Sun:    Britaniya ballistik raketin uğursuz sınaq buraxılışını edib
  21 Fevral 2024    Oxunub:985
Britaniya Hərbi Dəniz Qüvvələri yanvarın 30-da yenilənmiş HMS Vanguard nüvə sualtı qayığından Trident II D5 ballistik raketinin uğursuz sınaq buraxılışını həyata keçirib.
Bu barədə “The Sun” qəzeti mənbəyə istinadən məlumat yayıb. Qəzet bildirir ki, buraxılışdan sonra raket kursdan çıxıb və Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın olduğu sualtı qayığın yanına düşüb.

"The Sun"ın mənbəsinin məlumatına görə, təlim missiyası Florida sahillərində Atlantik okeanında baş tutub.

Trident II D5-in Braziliya və Qərbi Afrika arasında Atlantik okeanının mərkəzində müəyyən bir hədəfi vurmaq üçün 6 min km uçacağı güman edilirdi.

“The Sun” yazır ki, HMS Vanguard gəmisində Hərbi Dəniz Qüvvələrinin rəhbəri admiral Ben Key də olub. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Böyük Britaniya Müdafiə Nazirliyi yanvarın 30-da keçirilən təlim zamanı “anomaliyanın baş verdiyini” bildirib.

“Əminliklə deyə bilərik ki, test Böyük Britaniyanın nüvədən çəkindirmə gücünün yerində olduğunu təsdiqlədi. Sınaq zamanı anomaliya baş verdi. Milli təhlükəsizlik səbəbi ilə bu mövzu ilə bağlı əlavə məlumat verə bilmərik”, - Müdafiə Nazirliyi bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti