"Erməni xalqı təhlükəsizliyi minlərlə kilometr aralıda axtarmasın" - Ərdoğandan

   "Erməni xalqı təhlükəsizliyi minlərlə kilometr aralıda axtarmasın" -    Ərdoğandan
  18 Fevral 2024    Oxunub:1250
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 17-də hökumətin iclasından sonra xalqa müraciətində Ermənistanla Azərbaycan arasında sülh prosesindən danışıb.
O bildirib ki, Ermənistan qonşuları ilə sülh və əməkdaşlıq qurmalı, təhlükəsizliyi “minlərlə kilometr uzaqda” axtarmamalıdır.

Türkiyə prezidentinin sözlərinə görə, “bəzi Qərb dairələri Cənubi Qafqazda yeni oyun qaydaları yaratmağa çalışırlar”. Ərdoğanın sözlərinə görə, “eyni dairələr Şimali Kipr xalqını iqtisadi sanksiyalara qarşı ədalətli mübarizədən saxlamağa çalışır”.

“Bəzi Qərb dairələri hələ də başa düşə bilmirlər ki, Qarabağ müharibəsinin başa çatması ilə regionda tamamilə yeni mərhələ başlayıb”, - Ərdoğan bildirib.

Türkiyə prezidenti çıxışında onu da əlavə edib ki, bu regionda yaşayan xalqların problemləri və xalqlar arasında münaqişələr hesabına öz maraqlarını reallaşdırmağa çalışan qüvvələr illərdir Ermənistanı “qızışdıraraq” əslində ən böyük zərəri erməni xalqına vurublar.

“Onlar erməniləri istismar edir, həyata keçməsi mümkün olmayan xəyallar qurur, onlardan yararlanır, onları təhlükəyə atırdılar. Ermənistan da bu reallığı görməli və qəbul etməlidir".

Erməni xalqı və onun rəhbərliyi təhlükəsizliyi minlərlə kilometr aralıda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdır”, - Türkiyə prezidenti bildirib.

Ərdoğan Ermənistanın silahlandırılması məsələsinə də toxunaraq bildirib ki, bəzi ölkələrin göndərdiyi heç bir silah və sursat regionda davamlı sülhün təmin edəcəyi sabitliyi əvəz edə bilməz.

“Bizim ən böyük arzumuz odur ki, ermənilər 30 ildən sonra yaranmış sülh fürsətini hansısa arzularına görə əldən verməsinlər.

Buradan bir daha Ermənistanı azərbaycanlı qardaşlarımızın uzaddıqları barışıq əlini sıxmağa çağırıram. Bir daha təkrar edirəm ki, biz Türkiyə olaraq Azərbaycanla əməkdaşlıq çərçivəsində prosesi uğurla başa çatdırmaq üçün lazımi addımları atmağa hazırıq”, - deyə Ərdoğan bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti