Kemeron: "Hitlerə göstərdiyimiz zəifliyi təkrarlamayaq"

      Kemeron:    "Hitlerə göstərdiyimiz zəifliyi təkrarlamayaq"
  15 Fevral 2024    Oxunub:1101
Böyük Britaniyanın XİN rəhbəri Devid Kemeron ABŞ Nümayəndələr Palatasını Ukraynaya yardım paketini təsdiqləməyə çağırıb.
ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95 milyardlıq yardım paketini təsdiqlədi

AzVision.az xəbər verir ki, ABŞ-nin Ukrayna, İsrail və Tayvana hərbi yardım layihəsi Senat tərəfindən təsdiqlənsə də, Nümayəndələr Palatası üzvləri layihəyə heç də istəklə yanaşmırlar. Seçkilərdə Trampı dəstəkləyən qatı respublikaçı nümayəndələr yardım paketinin əleyhinə çıxırlar.

Britaniyanın xarici işlər naziri Kemeron Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfəri çərçivəsində yerli rəsmilərlə görüşündə sözügedən layihəyə toxunaraq, Konqresin qlobal təhlükəsizlik naminə yardıma səs verməsinin zərurətini dilə gətirib.

(Devid Kemeron Sofiyada Bolqarıstanın Baş naziri Nikolay Denkov və xarici işlər naziri Mariya Qabriel ilə)

"Konqresmenləri Ukraynaya hərbi yardım layihəsini təsdiqləməyə çağırıram. Rusiyanın təcavüzü ilə mübarizə aparan Ukrayna dəstəyimizə ehtiyac duyur. Azadlıq üçün ayağa qalxmalı, onun özünümüdafiə hüququnu dəstəkləməli və Rusiyanın mümkün qələbəsinin qarşısını almalıyıq. Ümidvaram ki, bacarağıq. Hər halda, neçə ki müharibə qurtarmayıb, Ukraynanın yanındayıq", - Kemeron deyib.

O, qərbin Ukraynaya laqeyd münasibətini vaxtı ikən nasist Almaniyasına ərazi baxımından gedilən güzəştlərə bənzədib və məhz həmin güzəştlər nəticəsində II Dünya müharibəsinin başladığını xatırladıb.

"İstəmirəm ki, 1930-cu illərdə Hitlerə göstərdiyimiz zəifliyi təkrarlayaq. O sanki geri qayıdıb, təcavüzünü dayandırmaq bizə çox başa gəlir. Odur ki ABŞ Konqresi Ukraynaya yardım paketinə tərəddüdlə yanaşmamalıdır", - o vurğulayıb.

Kemeronun çağırışına qəzəblənən Nümayəndələr Palatasının üzvü, Tramp tərəfdarı xanım Marcori Teylor Qrin "Sky News"a açıqlamasında ingilis nazirin ünvanına açıq-aşkar nalayiq ifadə səsləndirərək:

"Devid Kemeron getsin, öz ölkəsi üçün narahat olsun",
- söyləyib.

Ukraynaya dəstəyin zərurətini həmişə diqqətə çatdıran Britaniya XİN rəhbəri hazırda Bolqarıstandadır. O, ardınca Polşaya və həftə sonu Münhen Təhlükəsizlik Konfransına qoşulmaq üçün Almaniyaya yollanacaq və həmkarları ilə sözügedən dəstəklə bağlı müzakirə aparacaq. Onun konfrans çərçivəsində ilk dəfə çinli həmkarı ilə də görüşü nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Britaniya   Ukrayna   Avropa   ABŞ  





Xəbər lenti