Avropa Trampa qarşı: "Hamımız birimiz, birimiz hamımız üçün"

   Avropa Trampa qarşı:    "Hamımız birimiz, birimiz hamımız üçün"
  13 Fevral 2024    Oxunub:1293
ABŞ-nin sabiq prezidenti və yenidən prezidentliyə namizəd Donald Trampın NATO-nun müdafiə xərclərinə lazımi vəsait ayırmayan ölkələri Rusiya təhlükəsi ilə hədələməsi Avropa liderlərini bərk qəzəbləndirib.
AzVision.az xəbər verir ki, liderlər Trampın hədəsinə cavab olaraq qitəni möhkəm birliyə, hərbi əməkdaşlığa çağırıblar.

Bu çərçivədə NATO-nun müdafiə xərclərində ən yüksək paya malik Polşanın Baş naziri Donald Tusk dünən Fransaya səfərində prezident Emmanuel Makronla müdafiə əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı müzakirə aparıb. O, görüş zamanı məşhur fransız yazıçısı Aleksandr Dümanın "Üç muşketyor" əsərindən "Hamımız birimiz, birimiz hamımız üçün" sitatını səsləndirərək, adaşının simasında ABŞ-yə qarşı Avropanın birliyinə eyham vurub.

(Polşa Baş naziri Donald Tusk və Fransa prezidenti Emmanuel Makron)

"Avropa İttifaqı, Fransa və Polşa güclü olmalı, öz sərhədlərini və ittifaq xaricindəki müttəfiqlərini, dostlarını qoruyub dəstəkləməyə hazır dayanmalıdır", - Tusk vurğulayıb.

Görüşdə Emmanuel Makron iki ölkənin bir sıra sahələrdə, o cümlədən müdafiə sektorunda əməkdaşlığını nəzərdə tutan yeni layihənin hazırlandığını diqqətə çatdırıb.

"ABŞ Konqresinin 61 milyard dollarlıq hərbi yardım paketini əngəllədiyi bir vaxtda Ukrayna üçün silah istehsalını artırmalıyıq. Bu, Avropanın sənaye bazasını, hərbi rolunu gücləndirəcək. Beləliklə, Avropa NATO-nun tamamlayıcı təhlükəsizlik və müdafiə qüvvəsinə çevriləcək", - Makron bildirib.

(Kipr və Almaniya prezidentləri Nikos Xristodulidis və Frank-Valter Ştaynmayer)

Ötən gün Kiprə gələn ilk alman dövlət başçısı kimi prezident Frank-Valter Ştaynmayer də həmkarı Nikos Xristodulidislə görüşündə Trampın sözlərini "Rusiyanın lehinə məsuliyyətsizlik nümunəsi" adlandırıb.

Digər tərəfdən, Britaniyanın XİN rəhbəri Devid Kemeron da Şotlandiyanın İst-Kilbrayd şəhərində jurnalistlərə açıqlamasında sabiq ABŞ prezidentinin bəyanatını kəskin şəkildə qınayıb.

(Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron)

"Əlbəttə istəyirik ki, bütün ölkələr bizim kimi ÜDM-in 2%-ni (NATO-ya - red.) xərcləsinlər, amma məncə, sözügedən fikirlər ağıllı yanaşma kimi görünmür", - o deyib.

Avropa İttifaqında coğrafi baxımdan Rusiyaya daha yaxın olan Estoniyanın Baş naziri Kaya Kallas isə məsələyə mülayim yanaşsa da, maraqlı fikir səsləndirib.

(Estoniyanın Baş naziri Kaya Kallas)

"Zənnimcə, ABŞ prezidentliyinə namizədin (Donald Trampın - red.) dedikləri bəzi passiv müttəfiqləri oyatmaq məqsədi daşıyır", - xanım Baş nazir söyləyib.

Yeri gəlmişkən, Almaniya Kansleri Olaf Şolts və müdafiə naziri Boris Pistorius Aşağı Saksoniya vilayətində sursat fabrikinin təməlqoyma mərasimində iştirak ediblər. Ölkənin ən böyük müdafiə sənayesi şirkəti "Rheinmetall"ın nəzdində fəaliyyət göstərəcək fabrik Ukraynaya dəstək üçün ildə 200 min artilleriya mərmisi buraxacaq.

(Soldan sağa: Almaniyanın müdafiə naziri Boris Pistorius, Danimarkanın Baş naziri Mette Frederiksen, "Rheinmetall" müdafiə sənayesi şirkətinin rəhbəri Armin Papperger və Kansler Olaf Şolts fabrikin təməlqoyma mərasimində)

"Təkcə ABŞ deyil, bütün Avropa ölkələri Ukraynaya dəstək naminə daha çox iş görməlidir. Verilən vədlər kifayət deyil. Almaniya bu işin öhdəsindən təkbaşına gələ bilmir", - Kansler mərasimdə çıxışı zamanı deyib.

Ukraynanın müdafiəsi ətrafında birləşən Avropa ölkələri, görünür ki, Donald Trampın məlum çıxışından təkan götürərək, birliyi daha da irəli aparamaq niyyətindədir. Birləşmiş Xidmətlər üzrə Krallıq İnstitutunun beyin mərkəzinin baş direktoru Karin von Hippel bu kontekstdə Avropa ölkələrinin Donald Trampın yenidən prezidentlik ehtimalına "tez uyğunlaşdığını" dilə gətirib.

(Birləşmiş Xidmətlər üzrə Krallıq İnstitutunun beyin mərkəzinin baş direktoru Karin von Hippel)

"Qitənin liderləri, yəqin, yaxşı bilirlər ki, belə bir ehtimal nə deməkdir. Bayden qalib gəlsə belə, Konqresin yenə də fəaliyyətsiz qalacağından da xəbərdardırlar", - xanım direktor vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Avropa   liderlər   ABŞ   Tramp  





Xəbər lenti